Kriminal avtoritetin qızı atasından danışdı


Digərləri 08 Fev 2018 21:59:00 274 0

Kriminal avtoritetin qızı atasından danışdı

Avtoritetin qızı: Qanqster davaları, narkotiklər, qaçaqmalçılıq...həyatımız bunlarla keçirdi

Qanqster mübahisələri, narkotiklər, qaçaqmalçılıq, asan yolla əldə edilmiş pullar - kriminal ailənin günləri bunlarla keçir.

İki dəfə həbsdə yatmış kriminal avtoritetin qızı doğulub böyüdüyü ailədə yaşananları anladıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki,  21 yaşlı Valeriya Oleynikova Naro-Fominsk (Moskvanın cənub-qərbində şəhər) şəhərindəndir. İlk baxışda onun təminatlı həyatı var. Bu yaxınlarda tibb institutunu bitirib və işləmək üçün Moskvaya gedib. Lakin bir neçə il əvvəl hər şey başqa cür idi. Məsələ ondadır ki, Valeriya kriminal ailədə doğulub böyüyüb. Dəhşətli uşaqlıq xatirələrini o, böyük məmnuniyyətlə yaddaşından söküb atardı.

"Valideynlərim hələ mən anadan olana qədər qaçaqmalçılıqla məşğul olublar. Onlar xaricdən qanunsuz yollarla məişət cihazları, avtomobillər və digər şeylər gətirib satıblar. Biznesləri uğurlu olub və buna görə də biz yaxşı yaşamışıq, heç nədən korluq çəkməmişik. Pulumuz, villamız, şəxsi maşınımız olub, kurortlara dincəlməyə getmişik. Sonra atam kriminal aləmdəki bütün nüfuzlu dostları ilə dalaşdı və onlarsız yoluna davam etmək qərarı verdi. Və bizim qayğısız günlərimiz sürətlə başa çatdı" - deyə Valeriya bildirir.

Onların şəxsi evində təpədən-dırnağa cinayətkar olan silahlı adamlar meydan sulamağa başlayır. Onlar narkotik vasitələr gətirir, pulları balaca Leranın atası ilə bölüşdürür, qızcığaza isə şokolad verib tapşırırdılar ki, onların olduğu otağa girməsin.

"Mənim 4 yaşım olanda atam harasa yoxa çıxdı. O, uzun müddət evdə olmadı, sonra birdən ortaya çıxdı. Özünü evə çatdırıb dəhlizdə döşəməyə sərildi, anam isterika içində qışqırmağa, onu oyatmağa çalışdı. Bu, məni çox qorxutdu. Belə hallar ümumiyyətlə çox olub. Atam uzun müddət yoxa çıxandan sonra evə sərxoş halda dönürdü. Çox vaxt cinayətkar münaqişələrində iştirak etdiyindən, üst-başı qan içində olurdu" - deyə qız yadında qalan dəhşətli anları sadalayır.

Leranın 7 yaşı olanda atası ilk dəfə həbsxanaya düşür. Anası qızına deyir ki, atan xəstəxanadadır və tezliklə qayıdacaq. Amma bir gün televizorda Leranın atasının həbsindən bəhs edən süjet göstərirlər. Qızı məktəbdə buna görə incitməyə, gözümçıxdıya salmaya başlayırlar. O isə səmimi olaraq nə baş verdiyini anlamır.

"Digər qorxulu vaxtlar onun həbsindən sonra başlayan axtarışlar idi. Milislər gəldi, qonşuları və şahidləri topladı. Bütün dolabları alt-üst etdiklərini, nəsə axtardıqlarını və bütün bu vaxt ərzində dayanmadan qışqırıb-bağırdıqlarını bugünkü kimi xatırlayıram. Bu vaxta qədər biz bolluq içində yaşayırdıq, amma atamın həbsində sonra hər şey başa çatdı, hətta yemək almağa belə pulumuz olmadı. Anam saat 7-yə qədər işləyirdi, öz əşyalarını satırdı ki, yaxşı vəkil tutsun və borclarını ödəsin" - Valeriya deyib.

Kriminal avtoritet məhbəsdən qayıdanda artıq Leranın 10 yaşı vardı. Həyatları başdan-başa dəhşətə dönmüşdü: "O, həmişə mənim otağıma gəlir, öz həbsxana həyatından danışırdı. Anam isə otağın qapısını döyərək məni onun əlindən xilas etməyə çalışırdı. Atam mənə mənəvi cəhətdən çox təzyiq göstərirdi. Daim təkrarlayırdı ki, mən onun qızıyam və o, həmişə mənim yanımdadır. Lakin o, heç vaxt mənim yanımda olmayıb".

Bir müddətdən sonra atası başqa mənzilə köçür, arvadını və uşaqlarını ziyarət etmir. Qızı isə hər dəfə özünü daha pis aparan atası ilə nadir hallarda baş tutan görüşlərdən məmnun qalırdı.

"Atam məndən o dərəcədə uzaq idi, hətta o, yenidən şəhərimizə qayıdanda və onu küçədə görəndə mən dərhal qaçır, yaxud da gizlənirdim. Hər dəfə onunla telefonla danışmaq mənə əziyyət verirdi. O, sanki məndə özünə qarşı duyğu hissi oyandırmaq üçün nə demək lazım gəldiyini yaxşı bilirdi. Bunu sözlə başa salmaq çətindir və mən bunu indi dəhşətlə xatırlayıram ki, atam hər dəfə zəng edəndə məndə ailəmizin yenidən bir araya gələcəyinə ümid baş qaldırırdı. Atamın mənim həyatımda olduğuna dair illüziya yaranırdı. Mənə ata yalnız mənəvi cəhətdən lazım idi. Qardaşımı isə döyürdü. Qardaşım böyük idi və atam üçün yad idi. O, anamın birinci ərindən dünyaya gəlmişdi. Ona görə də, atam onu hər bir xırda əməlinə görə, yeri gəldi-gəlmədi, mənasiz şeylərin üstündə döyürdü. Hər dəfə anam araya girib onu xilas etməyə çalışırdı. Amma həmişə onu atamın qəzəbindən qorumağa imkanı çatmırdı" - deyə qız bildirir.