İtaliya mətbuatı Bakının “Ekspo 2025”ə ev sahibliyi üçün namizədliyindən yazır


Digərləri 08 Fev 2018 21:05:43 227 0

İtaliya mətbuatı Bakının “Ekspo 2025”ə ev sahibliyi üçün namizədliyindən yazır

İtaliyanın “Notizie Geopolitiche” analitik portalında tədqiqatçı Corciya Piların müəllifi olduğu “Azərbaycan. Bakının “Ekspo 2025” sərgisi üçün namizədliyi” adlı məqalə dərc olunub.

Bakı. İtaliyanın “Notizie Geopolitiche” analitik portalında tədqiqatçı Corciya Piların müəllifi olduğu “Azərbaycan. Bakının “Ekspo 2025” sərgisi üçün namizədliyi” adlı məqalə dərc olunub. Trend-in məlumatına görə, məqalədə noyabrın 14-də Parisdə, Royal Pavilyonda Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə qəbulun təşkil olunduğu və tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Bakının “Ekspo” sərgisinə namizədliyinin əhəmiyyəti haqqında danışdığı bildirilir. Qeyd olunur ki, “Ekspo 2025”i bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəliflik sərgiləyən, qlobal müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirən platforma adlandıran Mehriban Əliyeva Azərbaycanı bu universal platformaya ev sahibliyi etmək üçün ən ideal məkan kimi səciyyələndirib, ölkəmizin beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası mərkəz kimi tanındığını, bilik və bacarıqların mübadiləsi üçün əhəmiyyətli məkan olan “Ekspo 2025”in özü kimi Şərq ilə Qərb, Şimal ilə Cənub arasında ticari, siyasi və mədəni körpü rolunu oynadığını vurğulayıb. Məqalədə yanvarın 23-də Dünya İqtisadi Forumu vaxtı Davos şəhərindəki “InterContinental” otelində “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizədliyi ilə bağlı keçirilmiş təqdimat mərasiminə və Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri, səfir Elçin Əmirbəyovun mərasimdə çıxışına da toxunulur. Yazıda Azərbaycanın “Ekspo 2025” sərgisinə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu ilə getdiyi bildirilir, bunun əsasında Azərbaycanın həm insan ləyaqətinin qiymətləndirilməsində, həm də iqtisadiyyatın şaxələndirilməsində əsas vasitə kimi təhsil sahəsinə verdiyi önəmin durduğu vurğulanır. Müəllif ölkəmizin təhsil sahəsində çoxsaylı islahatlar həyata keçirdiyini bildirir, mütəxəssislərimizin UNESCO, UNISEF, UNEVOK, ISESCO, Avropa Təhsil Fondu və digər beynəlxalq təhsil qurumlarının fəaliyyətində iştirak etdiklərini, təcrübələrindən yararlanaraq Avropa Şurası və Avropa İttifaqı kimi qurumlarla əməkdaşlıq etdiklərini qeyd edir. Həmçinin “insan kapitalı” dedikdə ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edən gənclərin də inkişafının nəzərdə tutulduğu və Azərbaycan hökumətinin bu sahəyə böyük önəm verdiyi, “Gənclər Siyasəti” proqramı ilə ölkə gənclərinin təhsil almalarına, iş ilə təmin olunmalarına yardım göstərdiyi bildirilir, bundan əlavə ölkədə gənclər üçün imtiyazların mövcudluğu qeyd edilir, gənc tədqiqatçıların mükafatlandırılması üçün xüsusi fondların fəaliyyət göstərdiyi və gənc sahibkarların dəstəklənməsi üçün maliyyə yardımlarının ayrıldığı vurğulanır. Bakının “Ekspo 2025” ilə bağlı təklif etdiyi layihədə təhsil sahəsindən başqa, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə üst-üstə düşən səhiyyə və məşğulluq sahələrində də məqsədlərin öz əksini tapdığı qeyd olunaraq, bu məqsədlərin üç mövzuda: “İstedad, Sağlamlıq və Nailiyyət” kimi cəmləşdirildiyi vurğulanır.