Məşhur qarmon ifaçısının 125 illik yubiley gecəsi keçiriləcək


Digərləri 08 Fev 2018 20:49:22 296 0

Məşhur qarmon ifaçısının 125 illik yubiley gecəsi keçiriləcək

Məşhur qarmon ifaçısı Kor Əhədin (Əhəd Əliyev) 125 illik yubiley gecəsi keçiriləcək.

Bakı. Fevralın 15-də Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə məşhur qarmon ifaçısı Kor Əhədin (Əhəd Əliyev) 125 illik yubiley gecəsi keçiriləcək. Beynəlxalq Muğam Mərkəzindən Trend-ə verilən məlumata görə, 1893-cü ildə Bakıda doğulmuş, 3 yaşında görmə qabiliyyətini itirmiş, lakin öz fitri istedadı, əzmi və iradəsi sayəsində müstəqil olaraq qarmon çalmağı öyrənən, 10 – 12 yaşlarında artıq 14 dilli qarmonda müxtəlif oyun havalarını gözəl ifa etməyi bacaran, Əhəd Əliyev 20-25 yaşlarında artıq mahir qarmon ifaçısına çevrilib. 1927-ci ildə Müslüm Maqomayev gənc və istedadlı Əhədi ilk dəfə Azərbaycan Radiosunda çıxış etməyə dəvət edir. Tezliklə Kor Əhədin musiqi qabiliyyəti – qarmonda, sazda, tarda, pianoda və tütəkdə çaldığı musiqi nömrələri Üzeyir Hacıbəylinin də diqqətini cəlb etdi və böyük bəstəkar “Arşın mal alan” operettasındakı toy səhnəsində “Tərəkəmə” rəqsini çalmaq üçün operaya Əhəd Əliyevi solist kimi qəbul etdi. 1931-ci ildə Üzeyir bəyin təşəbbüsü ilə yaradılan ilk notlu Xalq çalğı alətləti orkestrində Əhəd Əliyev də solist kimi çıxış edirdi. Elə həmin ildə Azərbaycan radiosunun nəzdində Üzeyir Hacıbəyovun təşəbbüsü ilə yaranan və görkəmli tarzənimiz, xalq artisti Əhməd Bakıxanovun rəhbərlik etdiyi Xalq çalğı alətləri ansamblının üzvlərindən biri də Əhəd Əliyev oldu. Əhəd Əliyevin təklifi ilə Bakıda yaşayan yəhudi əsilli Arxip Karpuşkin qarmonun texniki-akustik göstəricilərini genişləndirən texniki rekonstruksiya işi aparmış və bunun nəticəsində Azərbaycan oyun havalarını, muğamları və xalq mahnılarını daha dolğun, incəlikləri və xırdalıqları ilə ifa etmək mümkün olmuşdu. Filarmoniyanın nəzdində bəstəkar Qənbər Hüseynlinin rəhbərlik etdiyi Sazçı qızlar ansamblının yaranmasında, sazçı qızların seçilməsində, öyrədilməsində də Əhəd Əliyevin böyük rolu var idi.