Deputat: İlham Əliyev bir daha prezidentliyə ən real namizəd olduğunu sübut etdi


Digərləri 08 Fev 2018 20:26:23 238 0

Deputat: İlham Əliyev bir daha prezidentliyə ən real namizəd olduğunu sübut etdi

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı ilə bir daha Azərbaycan prezidentliyinə ən real namizəd olduğunu sübut etdi.

Bakı. Samir Əli - Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı ilə bir daha Azərbaycan prezidentliyinə ən real namizəd olduğunu sübut etdi. Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Millət vəkilinin sözlərinə görə, İlham Əliyevin prezidentlik dövründəki fəaliyyəti sırf Azərbaycan xalqının maraqlarını qorumağa yönəlib: "Qurultaydakı çıxışında Prezident İlham Əliyevin toxunduğu məsələlər, səsləndirdiyi faktlar bir daha bunu təsdiqlədi. Dövlət başçısı əvvəlcə Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın formalaşmasındakı rolundan danışdı. Daha sonra Prezident İlham Əliyev ölkənin inkişaf amilləri, həyata keçirilən layihələrin uğurundan söz açdı. Dövlət başçısının qurultayda toxunduğu əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlar idi. Prezident İlham Əliyev bu məsələdə Azərbaycan dövlətinin birmənalı mövqeyini bir daha bəyan etdi, bildirdi ki, bu münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayacaq. Dövlət başçısı bəyan etdi ki, ermənilərin hazırda dövlət qurduqları torpaqlar da Azərbaycan torpaqlarıdır". A.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin bu dəfəki seçkilərdə də qalib gələcəyi şübhəsizdir: "Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi dövründəki vəziyyət göz qabağındadır. Ölkədə sabitlik hökm sürür, ictimai-siyasi həyatda fəallıq var və insanların sosial rifahı normaldır". Qeyd edək ki, fevralın 8-də YAP-ın VI qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Qərar yekdilliklə qəbul olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin