Azərbaycan mülki aviasiyasının növbəti uğuru: Heydər Əliyev Beynəlxalq Aeroportunda ASEC Mərkəzi açılıb FOTO


Digərləri 08 Fev 2018 17:24:00 257 0

Azərbaycan mülki aviasiyasının növbəti uğuru: Heydər Əliyev Beynəlxalq Aeroportunda ASEC Mərkəzi açılıb  FOTO

Fevralın 8-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılış mərasimi keçirilmişdir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Bakıda ASEC Mərkəzinin tikintisi üzrə Hökumətlərarası Memorandum Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin mart ayında Fransaya rəsmi səfəri çərçivəsində imzalanmışdır. Sənəd "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Fransanın "THALES" şirkəti arasında imzalanmışdır. "Thales" şirkəti üçün pilot layihə sayılan bu layihənin ümumi dəyəri 7 milyon avro təşkil edir.

ASEC Mərkəzinin açılması ilə əlaqədar olaraq keçirilən tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin Prezidenti Cahangir Əsgərov, Fransanın Azərbaycandakı Səfiri Orelia Buşez, "Azəraeronaviqasiya" (AZANS) Hava Hərəkəti İdarəsinin Direktoru Fərxan Quliyev, "Thales International" şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi və digərləri iştirak etmişdirlər.

"Hava Məkanından İstifadənin Səmərəlilik Mərkəzində aeronaviqasiya məlumatlarının mübadiləsi sahəsində qabaqcıl təcrübə və ən son texnologiyalardan istifadə edilmişdir. Bu, Brüsseldə yerləşən Avropa Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (Eurocontrol) və Sinqapurda yerləşən Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi arasında hava hərəkəti axınlarının əsas planlaşdırma mərkəzidir. ASEC sayəsində Azərbaycan həm "Eurocontrol"-un, həm də Asiyanın Hava Axınları Planlaşdırma Mərkəzinin strateji tərəfdaşı rolunu oynayacaq. Eyni mərkəzdən postsovet məkanında və Yaxın Şərq ölkələrində yoxdur", - deyə Cahangir Əsgərov bildirmişdir.

"Bu layihə Azərbaycan və Fransa, eləcə də hər iki ölkənin şirkətləri arasındakı möhkəm tərəfdaşlığın göstəricisidir. Mən burada həm texniki, həm də estetik parametrlər üzrə gördüklərimdən böyük məmnunluq duydum. Biz çox şadıq ki, belə mərkəzin yaradılmasında iştirak etmişik. Mərkəz vasitəsilə mühüm məlumatları almaq və onları idarəetmə də istifadə etmək mümkündür. Bu onu göstərir ki, Azərbaycan bu regionda nəqliyyat habı olmağa qadirdir və olacaq da. Fransanın Azərbaycandakı səfiri kimi deyə bilərəm ki, bu layihə qarşılıqlı münasibətlərimizin çox gözəl göstəricisidir", - Orelia Buşez qeyd etmişdir.

"AZAL və "Thales Group" artıq 20 ildən çoxdur ki, əməkdaşlıq edir və strateji tərəfdaş olaraq qalmaqdadır. Yeni mərkəzdə tətbiq olunan sistemlər hava axınlarının idarəolunması üzrə ən müasir texnologiyalara əsaslanır ki, bu da onu adi hava hərəkətinin idarəolunması sistemindən daha əhəmiyyətli edir. Bu, AZAL-ın Azərbaycan hava məkanında çox sayda uçuşları idarə etməyə hazır olduğunun göstəricisidir. Əminəm ki, biz birlikdə daha çox iddialı layihələr həyata keçirə biləcəyik", - "Thales International" şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi qeyd etmişdir.

Hazırda Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit

uçuşlar yerinə yetirilir.

Daha sonra Cahangir Əsgərov və Rafael Eskinazi danışıqlar aparmışdırlar. Aparılan danışıqlarda Azərbaycanın mülki aviasiyası sahəsində AZAL və "Thales"in gələcək əməkdaşlığı müzakirə edilmişdir. Danışıqların yekunlarına əsasən Azərbaycanda fransız şirkətinin məhsullarının istehsalı üçün AZAL və "Thales"in Azərbaycanda birgə müəssisənin yaradılmasının mümkünlüyünü nəzərdən keçirmək barədə razılıq əldə olunmuşdur.


Xəbərə aid fotolar