Azərbaycan prezidentindən təcavüzkar Ermənistana ciddi mesaj Biz azərbaycanlılar İrəvana qayıtmalıyıq


Siyasət 08 Fev 2018 17:15:00 337 0

Azərbaycan prezidentindən təcavüzkar Ermənistana ciddi mesaj  Biz azərbaycanlılar İrəvana qayıtmalıyıq

Fevralın 8-də  Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında Azərbaycan prezidenti, YAP-nın sədri İlham Əliyev Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox mühüm məqamlara toxunub.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında iştirak edib - YENİLƏNİB - FOTO Dövlət başçısının sözlərinə görə, Azərbaycan münaqişənin həlli məqsədilə bundan sonra beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini uğurla davam etdirəcək: "Bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləyir. BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu aparıcı təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər. Beləliklə, münaqişənin həlli üçün siyasi əsaslar da qoyulub. Hüquqi əsaslar onsuz da var. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə bu qondarma qurumu tanımayıb və əminəm ki, heç vaxt tanımayacaq. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir. Çünki Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri həm hüquqi, həm siyasi əsasları möhkəmləndirir".

Prezident İlham Əliyev qeyd edib ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi, xüsusilə, indiki şəraitdə üstünlük təşkil edir: "Dünyanın müxtəlif yerlərində, eyni zamanda, Avropada separatizm meyilləri artır. Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir. Biz isə təcavüzkar separatizmlə üzləşmişik. Ona görə bütövlükdə münaqişələrlə bağlı dünyada gedən proseslər, yanaşma bizim mövqeyimizi daha da möhkəmləndirib. Təsadüfi deyil ki, keçən ilin noyabrında Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvəsində qəbul edilmiş qətnamə Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini birmənalı şəkildə dəstəkləmişdir. Deyə bilərəm ki, ilk dəfə olaraq, bax, bu formada qətnamə qəbul edilmişdir. Bu, Ermənistan üçün növbəti zərbə, onların növbəti məğlubiyyəti idi və bizim növbəti qələbəmiz idi. Əslində bu, haqq-ədalətin növbəti qələbəsi idi. Ona görə bu müsbət meyillər güclənəcək. Biz, sadəcə olaraq, bundan sonra da öz siyasətimizi aparmalıyıq, aparacağıq. Ermənistanı daha da sıxışdırmalıyıq, sıxışdıracağıq və öz həqiqətlərimizi dünya birliyinə çatdırmalıyıq".

Dövlət başçısı bir daha bəyan edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır: "Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək".

Azərbaycan prezidenti öz hücum taktikasına sadiq qalaraq nəinki Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması, hətta azərbaycanlıların öz tarixi torpaqlarına -  indiki Ermənistan ərazisinə də qayıtması məsələsinə toxunub: "Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq".

Azərbaycan Prezidenti: "Bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib" Prezident İlham Əliyev torpaqlarımız azad edilməyənədək Ermənistanın bütün regional layihələrdən təcrid olunacağını, onların blokadasının davam etdiriləcəyini də vurğulayıb: "O ki qaldı, Ermənistana, indi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər də asan məsələ deyildi. Əfsuslar olsun ki, dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasətçilər daim çalışırlar ki, Ermənistanı da bizim təşəbbüsçüsü olduğumuz layihələrin tərkibinə daxil etsinlər. Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir. Bizim siyasətimizə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət öz nəticələrini verməkdədir. İndi heç kim Ermənistana sərmayə qoymur. Çünki, birincisi, orada hakimiyyəti zəbt etmiş kriminal, korrupsioner, qaniçən rejim imkan vermir ki, sərmayə qoyulsun, əvvəllər qoyulan və ianə şəklində verilən bütün pullar rejim tərəfindən oğurlanmışdır. Digər tərəfdən, bazarın məhdudluğu və azalan bazar imkan vermir ki, ciddi investor oraya gəlsin və ixrac imkanları da çox məhduddur. Çünki ixrac üçün yollar olmalıdır, yollar olsa da, yenə də tam investisiya cəlb edilməsi üçün şərait yaratmır. Əlbəttə ki, bunu böyük dərəcədə edən məhz biz olmuşuq və bu siyasəti davam etdirəcəyik. Onların özlərinin son statistik məlumatlarına görə, keçən il ölkəni 40 mindən çox insan həmişəlik tərk edib və bu tendensiya hər il gedir və gedəcəkdir. Beləliklə, orada demoqrafik böhran yaşanır. Bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və əlbəttə ki, bu ölkənin gələcək inkişafı çox qaranlıqdır. Biz isə öz siyasətimizi davam etdirəcəyik və bütün imkanlardan, artan gücümüzdən, iqtisadi potensialımızdan, siyasi imkanlarımızdan, hərbi gücümüzdən istifadə edib məsələni həll etməliyik ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun".

Dövlət başçısı açıq şəkildə bəyan edib ki, Azərbaycan mövcud hərbi siyasətin və Ordumuzun gücləndirilməsi işlərini bundan sonra da davam etdirəcək: "Əlbəttə, hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bu məsələ ilə də bağlı bəzən bizə iradlar ünvanlanır ki, nə üçün Azərbaycan silahlanır, nə üçün hərbi quruculuğuna, ordu quruculuğuna vəsait ayırır. Biz isə Ermənistandan fərqli olaraq bu işləri öz imkanlarımız daxilində, öz vəsaitimiz hesabına, öz hesabımıza görürük. Həyat göstərdi ki, biz nə qədər düzgün siyasət aparırıq. Onu da qeyd etməliyəm ki, dünyanın aparıcı ölkələri də daim silahlanırlar və bu proses bir çox ölkələr üçün də xasdır. Biz isə son illər ərzində güclü ordu yaratmışıq. İndi bütün beynəlxalq reytinqlər də ordumuzun gücünü əks etdirir. Bu güc bizə imkan verir ki, istənilən vəzifəni icra edək. 2016-cı ilin aprel döyüşləri bunu əyani şəkildə düşmənə və bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu nəyə qadirdir. Döyüş meydanında bizim şanlı tarixi qələbəmiz əlbəttə ki, məsələnin ədalətli həlli üçün də yeni imkanlar yaradır və yaradacaqdır. Növbəti illərdə hərbi potensialın gücləndirilməsi üçün, ordu quruculuğu üçün nə lazımdırsa, o da ediləcək. Bizim güclü iqtisadi imkanlarımız var. Gündən-günə artan maliyyə resurslarımız, ilk növbədə, ölkə qarşısında duran əsas vəzifələrin həllinə yönələcək və ordu quruculuğu burada, bu məsələdə prioritetdir". İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində