Postsovet ölkələrində müəllif hüquqlarının müdafiəsi üzrə əməkdaşlıq platforması yaradılıb


Sosial 08 Fev 2018 16:02:47 419 0

Postsovet ölkələrində müəllif hüquqlarının müdafiəsi üzrə əməkdaşlıq platforması yaradılıb

Tbilisidə "Müəllif hüquqlarının müdafiəsi və bu sahədə əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib

"Müəllif hüquqlarının müdafiəsi sahəsində beynəlxalq səviyyədə əməkdaşlığa böyük ehtiyac var. Bu əməkdaşlıq müəllif hüquqlarının müdafiəsi ilə yanaşı mədəni müxtəlifliyin də qorunmasında mühüm rol oynayacaq".

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər "Müəllif hüquqlarının müdafiəsi və bu sahədə əməkdaşlıq" mövzusunda fevralın 8-də Tbilisidə keçirilən beynəlxalq konfransda səslənib. 

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin əməkdaşlarının da iştirak etdiyi tədbirdə müəllif hüquqları və əlaqəli hüquqlar sahəsində beynəlxalq əməkdaşlığın pesrpektivləri, ayrı-ayrı dövlətlərdə ədəbiyyat, mədəniyyət, incəsənət sahəsində çalışan insanların yaradıcılıq əsəsrlərinin başqa ad altında təqdim olunmasının yaratdığı problemlər, plagiatlığa qarşı birgə mübarizə, bu sahədə qanunvericilik və təcrübə mübadiləsi məsələləri müzakirə olunub. 

Tədbirdə Cənubi Qafqaz, Baltikyanı və Orta Asiyadan 15 ölkənin nümayəndələrinin iştirakı ilə müəllif hüquqları sahəsində əməkdaşlıq platformasının yaradılması məqsədəuyğun hesab edilib. Əməktaşlıq platformasının əsas məqsədi iştirakçı ölkələrdəki müəllif hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyəti ortaya qoymaq, qarşılıqlı əməktaşlıq sahəsində dəyərləndirmələr aparmaq, informasiya mübadiləsini və əməkdaşlığı daha sürətləndirməkdir. Layihə çərçivəsində hazırlanacaq hesabatlar və ölkələrin müəllif hüquqları qanunvericiliklərinə istiqamətli məlumatlar bazası da yaradılacaq. 

Müəllif Hüquqları Agentliyinin məsul əməkdaşı Nadirə Bədəlbəyli konfransda müzakirə olunan məsələləri yüksək qiymətləndirərək deyib: "Azərbaycanda müəllif hüquqlarının qorunması ilə bağlı çoxlu işlər görülüb, mükəmməl qanunvericilik bazası yaradılıb. Konfransda da bu məsələ xüsusi qeyd olundu. Düşünürəm ki, bu platformanın da böyük faydası olacaq". 

Türkiyə Müəllif Hüquqları agentliyinin sədri Şaban Karataş da konfransın əhəmiyyətini xüsusi qeyd edib. O bildirib ki, müəllif hüquqlarının qorunması sahəsində Azərbaycan tərəfinin təcrübəsini öyrənmək lazımdır: "Düşünürəm ki, bizim qarşılıqlı əməkdaşlığımız sənət adamlarının, mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığına layiqli qiymət verilmsində də mühüm rol oynayacaq".