Azərbaycan Prezidenti: "Bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib"


Siyasət 08 Fev 2018 15:43:00 274 0

Azərbaycan Prezidenti: "Bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib"

"Bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib: "O ki qaldı, Ermənistana, indi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik. Baxmayaraq ki, bu, o qədər də asan məsələ deyildi. Əfsuslar olsun ki, dünyadakı ermənipərəst qüvvələr, erməni lobbisi və erməni pullarına satılmış bəzi siyasətçilər daim çalışırlar ki, Ermənistanı da bizim təşəbbüsçüsü olduğumuz layihələrin tərkibinə daxil etsinlər. Biz həmişə buna çox ciddi etiraz etmişik, təşəbbüsümüzlə həyata keçirilən layihələr Ermənistanı tamamilə kənarda qoymuşdur. Həm Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars layihələri onlardan yan keçmişdir. Bizim siyasətimizə görə, Şimal-Cənub Nəqliyyat Dəhlizi də onlardan yan keçəcəkdir. Biz bunu gizlətmirik. Baxmayaraq, bəziləri çalışırlar bizi ittiham etsinlər ki, biz onları təcriddə saxlayırıq. Bəli, saxlayırıq və saxlayacağıq. O vaxta qədər ki, torpaqlarımız işğaldan azad olunsun. Bu siyasət öz nəticələrini verməkdədir".

İlham Əliyev bildirib ki, indi heç kim Ermənistana sərmayə qoymur: "Çünki, birincisi, orada hakimiyyəti zəbt etmiş kriminal, korrupsioner, qaniçən rejim imkan vermir ki, sərmayə qoyulsun, əvvəllər qoyulan və ianə şəklində verilən bütün pullar rejim tərəfindən oğurlanmışdır. Digər tərəfdən, bazarın məhdudluğu və azalan bazar imkan vermir ki, ciddi investor oraya gəlsin və ixrac imkanları da çox məhduddur. Çünki ixrac üçün yollar olmalıdır, yollar olsa da, yenə də tam investisiya cəlb edilməsi üçün şərait yaratmır. Əlbəttə ki, bunu böyük dərəcədə edən məhz biz olmuşuq və bu siyasəti davam etdirəcəyik. Onların özlərinin son statistik məlumatlarına görə, keçən il ölkəni 40 mindən çox insan həmişəlik tərk edib və bu tendensiya hər il gedir və gedəcəkdir. Beləliklə, orada demoqrafik böhran yaşanır. Bizim səylərimiz nəticəsində Ermənistan siyasi, iqtisadi, enerji, nəqliyyat dalanına çevrilib və əlbəttə ki, bu ölkənin gələcək inkişafı çox qaranlıqdır. Biz isə öz siyasətimizi davam etdirəcəyik və bütün imkanlardan, artan gücümüzdən, iqtisadi potensialımızdan, siyasi imkanlarımızdan, hərbi gücümüzdən istifadə edib məsələni həll etməliyik ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Əlbəttə, hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bu məsələ ilə də bağlı bəzən bizə iradlar ünvanlanır ki, nə üçün Azərbaycan silahlanır, nə üçün hərbi quruculuğuna, ordu quruculuğuna vəsait ayırır. Biz isə Ermənistandan fərqli olaraq bu işləri öz imkanlarımız daxilində, öz vəsaitimiz hesabına, öz hesabımıza görürük. Həyat göstərdi ki, biz nə qədər düzgün siyasət aparırıq. Onu da qeyd etməliyəm ki, dünyanın aparıcı ölkələri də daim silahlanırlar və bu proses bir çox ölkələr üçün də xasdır. Biz isə son illər ərzində güclü ordu yaratmışıq. İndi bütün beynəlxalq reytinqlər də ordumuzun gücünü əks etdirir. Bu güc bizə imkan verir ki, istənilən vəzifəni icra edək. 2016-cı ilin aprel döyüşləri bunu əyani şəkildə düşmənə və bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu nəyə qadirdir. Döyüş meydanında bizim şanlı tarixi qələbəmiz əlbəttə ki, məsələnin ədalətli həlli üçün də yeni imkanlar yaradır və yaradacaqdır".

Prezident vurğulayıb ki, növbəti illərdə hərbi potensialın gücləndirilməsi üçün, ordu quruculuğu üçün nə lazımdırsa, o da ediləcək: "Bizim güclü iqtisadi imkanlarımız var. Gündən-günə artan maliyyə resurslarımız, ilk növbədə, ölkə qarşısında duran əsas vəzifələrin həllinə yönələcək və ordu quruculuğu burada, bu məsələdə prioritetdir".