Bakıda uşaqlardan ibarət cinayətkar dəstə tutuldu


Kriminal 08 Fev 2018 14:02:00 228 0

Bakıda uşaqlardan ibarət cinayətkar dəstə tutuldu

Bakıda silsilə oğurluq cinayətləri törədən dəstə aşkarlanıb.

DİN-dən Son.az-a verilən məlumata görə, fevralın 7-də gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub.

Dərhal idarənin xidmətdə olan əməkdaşları 1 dəqiqə ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı mağazanın qapısının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə şübhəli bilinən, aralarında qız da olan 4 nəfərdən ibarət dəstə hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisi əməkdaşlarının çevikliyi sayəsində saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər.

Bölmədə şəxsiyyətləri dəqiqləşdirilən zaman onların heç birinin yetkinlik yaşına çatmadığı müəyyən edilib. Araşdırma zamanı bu şəxslərin Sabunçu eləcə də paytaxtın digər rayonlarında silsilə oğurluq cinayətləri törətdikləri məlum olub.

Belə ki, saxlanılan şəxslərlə aparılan söhbətlər zamanı onların qrup halında 14 yanvar tarixində Sabunçu rayonunda yerləşən bir aptekdən 499 manat, eləcə də yanvarın 25-də Bakıxanov qəsəbəsində yerləşən marketdən pul və tütün məmulatları oğurladıqları məlum olub.


Xəbərə aid fotolar