"Report": Azərbaycan Dövlət Neft Fondunun investisiya portfeli zəif idarə olunur


İqtisadiyyat 08 Fev 2018 13:18:35 381 0

"Report": Azərbaycan Dövlət Neft Fondunun investisiya portfeli zəif idarə olunur

Proqnoz: 2018-ci ildə dünya fond birjalarında ucuzlaşma gözlənilir

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli (qızıla sərmayələr istisna olmaqla) 2017-ci ilin yekununda 1,88% gəlirlilik göstərib. "Report" xəbər verir ki, bu barədə məlumat ARDNF-in 2017-ci il üzrə investisiya fəaliyyətinin yekunları ilə bağlı hesabatında verilib.

Hesabata əsasən, ARDNF-in gəlirliliyində istiqraz və pul bazarı alətlərinin payı 0,65%, daşınmaz əmlak 0,22%, səhmlər isə 1,01% yer alıb. Xatırladaq ki, səhmlərin ümumi portfeldə xüsusi çəkisi isə ötən il ərzində 12,2%-dən 14,9%-ə yüksəlib.

"Report"un analitik qrupu bildirir ki, dünyanın digər suveren fondları ilə müqayisədə ARDNF-in investisiya portfeli həddindən artıq zəif idarə olunur. Məsələn, 2017-ci ilin III rübünün yekunlarına əsasən, Norveç Pensiya Fondu (Neft Fondu) 9,83% illik gəlirlilik əldə edib. Bu fondun 1998-ci ildən orta illik gəlirliliyi isə 6% təşkil edib.

Bununla yanaşı xatırladaq ki, 2017-ci il ərzində dünyanın əsas fond birjaları yüksək artım tempi nümayiş etdirib. Məsələn, ABŞ-ın əsas fond birjası indeksi - "Dow Jones" il ərzində 25%, Almaniyanın DAX indeksi 13%, İngiltərənin FTSE indeksi 8%, Yaponiyanın "Nikkei" indeksi isə 20% artım göstərib. Lakin, ARDNF-in səhmlərdən əldə etdiyi gəlirlilik həddindən artıq aşağı olub. Nümunə üçün bu indekslərə daxil olan əsas şirkətləri də götürmək olar. "Apple" 2017-ci ildə 48%, "Lufthansa" 150%, "Rolls-Royce" 26,3%, "Sony"nin səhmləri 59% bahalaşıb. Sadalanan şirkətlərin kredit reytinqləri yüksək olub və ARDNF-in mühafizəkar strategiyasına tam uyğundur.

"Report"un analitik qrupu bildirir ki, qızıl istisna olmaqla ARDNF-in investisiya portfeli 2018-ci ilin əvvəlinə 31 890 mln. dollar təşkil edib. İstiqrazlar üzrə 2017-ci ildə gəlirlilik 0,85%, səhmlər üzrə 6,78%, daşınmaz əmlak üzrə isə 4,15% təşkil edib.

"Report"un analitikləri 2018-ci ildə səhm bazarında yumşaq azalma, istiqrazların faiz dərəcələrində isə artım olacağını proqnozlaşdırırlar: "ARDNF-in səhm portfelində zərər, istiqraz portfelində isə portfelin 32%-nin 1 ilə qədər aktivlərdə olması səbəbindən bu il daha yuxarı faizlə investisiya etmək imkanı yarandığından, 2017-ci illə müqayisədə daha yüksək gəlir əldə etmək imkanı yaranacaq".