MTRŞ radiolardan birinə ciddi xəbərdarlıq etdi


Digərləri 08 Fev 2018 12:39:00 234 0

MTRŞ radiolardan birinə ciddi xəbərdarlıq etdi

Milli Televiziya və Radio Şurasının (MTRŞ) apardığı monitorinqlər göstərir ki, "Avto FM" (107.7) radiosu ixtisaslaşmış radio yayımçısı kimi yayım konsepsiyasına uyğun olmayan formada fəaliyyət göstərir. Bu radio, əslində, yol-nəqliyyat məsələləri ilə bağlı maarifləndirici-informativ proqramlar yayımlamalıdır. Çox təəssüf ki, radionun efirində bu səpkili heç bir verilişə rast gəlinmir.

Son.az xəbər verir ki, bunu APA-ya MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Şöbə müdiri bildirib ki, ümumilikdə radionun proqram səbəti olduqca kasaddır: "Radio əsasən xarici musiqilərin səsləndirilməsi ilə məşğuldur. Lisenziya "Avto FM" radiosuna bu cür fəaliyyət üçün verilməyib. Radio yayımını belə davam etdirəcəksə, onun mövcudluğuna ehtiyac qalmayacaq. Çünki bu radio fəaliyyətə başlamazdan əvvəl efirində əyləncəli verilişlər verən, musiqi yayımlayan kifayət qədər radio var idi. "Avto FM" radiosunun yaradılma məqsədi, fəlsəfəsi tamam başqadır. Yayımçı bunu mütləq nəzərə almalıdır".