İcbari tibbi müayinənin təbliğatı necə aparılmalıdır?


Digərləri 07 Fev 2018 23:57:00 340 0

İcbari tibbi müayinənin təbliğatı necə aparılmalıdır?

Mütəxəssislər deyir ki, dövlət bu işi həyata keçirir, bircə qalır, vətəndaşın ondan yararlanmağı 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Səhiyyə nazirinin müavini Nigar Əliyeva "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə" 30.01.2018-ci il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin tapşırığını rəhbər tutaraq, 2018-ci il fevral ayının 12-dən may ayının 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılıb.   Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılıb.   Vətəndaşların icbari tibbi müayinəyə cəlb edilməsi həqiqətən təqdirəlayiq haldır. Amma bəzən görürük ki, insanların bir qismi bu kimi tibbi yoxlanışlardan xəbərdar olmadıqları üçün ondan istifadə edə bilmirlər. Səbəbini soruşduqda isə, bu barədə heç kimin onlara məlumat vermədiyini deyirlər. Ona görə də bu təqdirəlayiq fəaliyyətin təbliğatı, əhaliyə bu haqda məlumatın necə çatdırılması ilə maraqlandıq. Məsələ ilə bağlı ilk olaraq Səhiyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi bildirir ki, bu kimi müayinələrin keçirilməsi ilk deyil, artıq neçə ildir davam edir və insanların bir çoxunun bu haqda məlumatı var: "Hər kəs ərazi poliklinikasına gedib, müayinədən keçə bilər. Belə ki, vətəndaşları ilk olaraq terapevt müayinə edir. Terapevt bütün müayinələrini etdikdən sonra, lazım olan digər sahələrə yönləndirir".

Nazirliyin nümayəndəsi qeyd edir ki, bu barədə çox yerdə informasiya verilib: "Maarifləndirmə işində isə kütləvi informasiya vasitələrinin dəstəyi böyükdür. Biz dəfələrlə jurnalistləri də bu müayinəyə cəlb etmişik. Bir neçə dəfə bununla bağlı mətbuat konfransı da keçirilib. Bəzi informasiya portalları bu haqda geniş məlumat yazıb. Həmçinin bizim saytımızda, sosial media hesablarımızda da bu haqda informasiya verilib. Onu da qeyd edim ki, kütləvi informasiya vasitələrinin özləri də bu işdə olduqca maraqlıdırlar. Bir neçə televiziya kanalı klinikalarda müayinə prosesinin necə getməsi ilə bağlı reportajlar hazırlayıb. Yəni bacardığımız qədər daha çox insanın məlumatlanması üçün çalışırıq". Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, millət vəkili Musa Quliyev bildirir ki, artıq neçə ildir bu iş cənab prezidentin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq həyata keçirilir: "Əhalinin icbari tibbi müayinəsinə xüsusi önəm verilir. Qanun ilk olaraq uşaqların tibbi müayinəsi ilə bağlı qəbul olunub, qalan qrup əhalinin yoxlanışı isə prezidentin xüsusi tapşırığı ilə baş tutur. Bunun çox böyük əhəmiyyəti var. Belə ki, xəstəliklərin başlanma mərhələsində aşkar olunması onun müalicəsini asanlaşdırır, xərcini də azaldır. Və həmçinin xəstəliyin irəliləməsinin qarşısı alınır, müalicədən müsbət nəticənin əldə olunmasına köməyi olur. Digər tərəfdən, insanlarda səhiyyə maarifi mədəniyyəti formalaşdırılır. Hər dəfə icbari müayinələr həyata keçirildikdə, həkim və digər tibb işçiləri kollektivi ilə vətəndaşların sıx əlaqəsi yaranır. Yəni bir həkimin yanına müayinəyə gələrkən, digər müayinədən də keçir. Və ya sağlamlığı ilə bağlı maraqlı olan suallarına cavab alır. Bütövlükdə sağlam yaşamaq üçün hansı profilaktik addımlar atılmalı olduğunu öyrənir. Xüsusilə də, düzgün qidalanma və həyat tərzi ilə bağlı bəzi məlumatları əldə edir".