Bu təhlükədən yayınanlar sənətçi, alim ola bilər...


Digərləri 07 Fev 2018 23:42:00 422 0

Bu təhlükədən yayınanlar sənətçi, alim ola bilər...

Bir neçə gün əvvəl Türkiyənin ən yüksək dini qurumu olan Dəyanət İşləri Komitəsi qalmaqallı bir fətva verib. Belə ki, "Sol əllə yemək yeməkdə bir problem varmı?" sualı Dəyanət İşləri Komitəsinin saytında belə cavablandırılıb: "Məhəmməd peyğəmbər sol əllə yemək-içməyi xoş qarşılamayıb. Şeytanların sol əllə yeyib-içdiklərini xəbər verərək ümmətini xəbərdar edib ki, "uşaqlara sağ əllə yemək yeməyi öyrədin".

Bu fətva solaxaylıq məsələsini gündəmə gətirdi. Maraqlıdır, niyə bəzi insanlar solaxay olur? Bu, fiziki qüsurdur, yoxsa normal haldır? Solaxayları digər insanlardan fərqləndirən xüsusiyyətlər varmı?

Son.az ailem.az-a istinadən xəbər verir ki, Səbinə Əvəzqızı bildirir ki, qızı solaxaydır və bu, onda heç bir problem yaratmayıb: "Qızımın sağ əli demək olar ki, tamamilə zəifdir. Bu, irsidir, ata nənəsindən ona keçib. Balaca vaxt bunu hiss etmirdik. Qaşığı, qələmi sağ əlinə verməyə çalışırdıq. Görürdük, o, sol əlini uzadır. Ondan sonra solaxay olduğunu bildik. Qızım 7 illik piano təhsili alıb. Həmçinin gözəl rəsmlər çəkir. Məktəbi yüksək nailiyyətlərlə başa vurub universitetə qəbul olub. Yəni solaxaylıq onun həyatında heç bir problem yaratmayıb".

Xəyalə Muradova isə deyir ki, oğlu məktəbəqədər hazırlığa gedən ərəfədə müəllimi solaxaylığı tərgitməyə çalışıb və uşağı məcburən sağ əllə yazmağa öyrədib: "Elə o vaxtdan sağ əlini işlətməyə başladı. Amma bunun fəsadlarını illərdir hiss edirəm. Oğlum hələ də qayçıdan normal şəkildə istifadə edə bilmir. Qələmlə yazanda əlini hamı kimi yox, dairəvi formada tutur. Şəkil də çəkə bilmir. Yenidən sol əldən də istifadə edə bilməz. Bir sözlə, həm sol əlindən oldu, həm də sağ. Çox peşmanam, gərək o vaxt qoymazdım müəllim onu sağ ələ öyrətsin".

Bu cür ifadələr peyğəmbərin adına bir uydurmadır

Mövzu ilə əlaqədar fikrini öyrəndiyimiz dini ekspert Elşad Miri deyir ki, yuxarıda yazdığımız fətva ilə Quranda heç bir yanaşma yoxdur: "Tutaq ki, Məhəmməd peyğəmbər özü solaxay olsaydı, insanları sol əllə yeyib-içməyəmi dəvət edəcəkdi? Ona görə də buradakı məsələ sonradan uydurulmuş bir anlayışdır. Təəssüflər olsun ki, həm özünü şiə adlandıran, həm də sünnilərin hədis kitablarında bir çox hədislər var. Hətta iddia olunur ki, peyğəmbərimiz guya sol əllə yeyən uşağa bəddua edib, onun əli quruyub. Aləmlərə rəhmət olaraq göndərilən bir peyğəmbər haqqında belə bir ifadənin işlədilməsi, belə pis cümlənin qurulması peyğəmbərin adına bir uydurma deyilmi? Ona görə belə tipik şeylərdə insanlar artıq oyanmalıdırlar və sorğu-sual olunacağımız yeganə kitab olan "Qurani-Kərim"ə sarılmalıdırlar. İnsanın solaxay və yaxud da sağaxay olmasının fizioloji hansısa əhəmiyyəti ola bilər, amma bunun dinə qətiyyən aidiyyəti yoxdur". 

Nə fərqi var solaxaysan, ya yox

Məsələnin tibbi aspektlərinə aydınlıq gətirən nevropatoloq Fərhad Əhmədov məlumat verdi ki, bu, genetik bir haldır: "Beyin yarımkürələrində əsas dominant sol yarımkürədir. Sol yarımkürədə sağ əl inkişaf edir. Və əksər adamlar sağaxaydır. Bəzi insanlarda isə beynin sağ yarımkürəsi dominantdır, yəni üstünlük var. Onlarda solaxaylıq olur. Deyim ki, burada anormal bir hal yoxdur. Solaxaylığı tərgitmək üçün bəzən cəhdlər edirlər. Bu isə müəyyən müddət və xərc tələb edən işdir. Həm də heç buna ehtiyac yoxdur. Nə fərqi var ki, solaxaysan, ya da əksinə".

İrsi solaxaylığı tərgitmək olmur

Pediatr Vaqif Qarayevin sözlərinə görə, solaxaylığın bir neçə səbəbi var: "Bəzən  doğuş zamanı yaranan müəyyən problemlər solaxaylığa rəvac verir. Bəzən isə bu sadəcə tərbiyədən asılıdır. Zamanında düzgün tərbiyə edilməyərək solaxay olubsa, bu, valideynin günahıdır. Prinsipcə uşağın hərəkətlərində, davranışında təhsilində, ümumən həyatında hər hansı bir maneçiliyi yoxdur. Tarixdə çox məşhur insanlar solaxay olub.  

Amma solaxaylıq irsidirsə, onu dəyişdirmək mümkün deyil".

Həkim deyir ki, solaxay uşaqlar həmyaşıdlarından bir az fərqli olurlar. Daha emosionaldırlar, ani qərar qəbul edirlər, bəzi informasiyalar ümumiyyətlə. onlar üçün vacib deyil. Həmyaşıdları ilə müqayisədə intellektual baxımından daha qabiliyyətli olurlar: "Uşaq solaxaydırsa, ona aqressiv yanaşmaq olmaz. Bu yanaşma uşaqda əsəbilik yaradacaq. Əgər tərbiyə məsələdirsə, onu zamanında öyrətmək lazım idi ki, qaşığı, qələmi, karandaşı sağ əllə tutmaq lazımdır. Yox əgər irsidirsə, onu tərsinə çevirmək çox zaman çətin olur. Amma solaxaylığın uşağın həyatında elə bir neqativ təsiri yoxdur".

Solaxaylarda yaradıcılıq daha çox inkişaf edir

Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü psixoloq Səbinə Bayramova söyləyir ki, insan beyni iki yarım kürədən, iki bölmədən ibarət olur və onlar hər ikisi bir-biri ilə əlaqədar olur. Bəzi hallarda isə bir yarımkürə digərindən daha aktiv olur: "Beynin sağ hissəsi bədənin sol hissəsini, sol hissəsi isə bədənin sağ hissəsini daim idarədə saxlayır. İnsan beyninin hər iki yarımkürəsi müxtəlif funksiyalara sahibdir. Məsələn, beynin sol yarımkürəsində nitq qabiliyyəti, analitik zəka, məntiq kimi özəlliklər olduğu halda, sağ yarımkürəsində yaradıcılıq, musiqi, sezmə qabiliyyəti, görmə hafizəsi kimi özəlliklər daha qabarıqdır. Bu səbəbdən də solaxaylarda yaradıcılıq, musiqi kimi qabiliyyətlər daha hakim olur. Digər bir fərq isə solaxaylarda daha tez reaksiya vermə qabiliyyətinin olmasıdır. Buna görə də solaxaylar tenis kimi bir sıra idman fəaliyyətlərində sağaxaylara nisbətən daha çox uğur əldə edə bilirlər. Bunlarla yanaşı solaxay uşaqlar böyüdükcə bəzi çətinliklərlə də qarşılaşa bilirlər. Bu da bir sıra vəsaitlərin sağaxaylara görə istehsal olunmasından irəli gəlir. Məsələn, avtomobillər, musiqi alətləri, kompüter siçanı kimi vasitələrin istifadəsi zamanı müəyyən çətinliklərlə rastlaşırlar və bu da onların psixologiyasına mənfi təsir edir".