Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi təsdiq edilib


Digərləri 07 Fev 2018 18:39:00 236 0

Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi təsdiq edilib

Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

Bakı. Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. Fərmanda “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi” təsdiq edilir. Mənzil İnşaatı Dövlət Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir: Azərbaycan Respublikasının Prezidentinə: - Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi; - icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi; - Agentliyin yenidən təşkili və ləğvi; - təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi; - illik maliyyə hesabatlarının təsdiq edilməsi; - xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi; Agentliyə: - Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, strukturunun təsdiq olunması. Müəyyən edilir ki, Agentliyin nizamnamə fondu “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli fərmanının 1.13.1.2-ci yarımbəndində nəzərdə tutulmuş vəsait hesabına formalaşır və 100 milyon manat təşkil edir; Agentliyin idarəetmə orqanı 3 üzvdən ibarət İdarə Heyətidir. Agentliyin İdarə Heyəti sədrinin və onun iki müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir; bu fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Nizamnamənin 2.2.4-cü, 2.2.5-ci, 2.2.7-ci, 2.2.8-ci, 3.1.4-cü, 3.1.6 – 3.1.9-cu, 3.1.11-ci, 3.1.13-cü, 3.1.14-cü, 3.1.16-cı və 3.1.17-ci yarımbəndləri ilə müəyyən edilən Agentliyin səlahiyyətləri “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan torpaq sahələrinə münasibətdə də Agentlik tərəfindən həyata keçirilir. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra, “mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin balansındakı dövlət əmlakı həmin Agentliyin balansına verilir.