Bakının mərkəzində problemli küçələrdən daha biri təmir olunur FOTO


Digərləri 07 Fev 2018 16:32:00 307 0

Bakının mərkəzində problemli küçələrdən daha biri təmir olunur  FOTO

İlin əvvəlindən Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt yollarında bu çərçivədə işlərə start verilib. Nəsimi və Nərimanov rayonları arasında uzanan və sözügedən rayonların əsas nəqliyyat arteriyasını təşkil edən Təbriz küçəsi də bu yollardandır.

Agentlikdən Son.az-a verilən məlumata görə, Təbriz küçəsinin uzunluğu 3,5 km, hərəkət hissəsinin eni isə ortalama 16 m təşkil edir. 2 gediş 2 gəliş olmaqla 4 hərəkət zolaqlı küçə 1 m enində ayrıcı zolaqla bölünür. Küçəni uzun müddət təmir olunmaması, yolun hərəkət hissəsində çökmələrə və deformasiyalara gətirib çıxarmışdı. Bu isə intensiv hərəkətə maneə yaradırdı.

Küçənin əsaslı şəkildə yenidən qurulması işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Belə ki, istismar müddəti bitmiş su və qaz xətləri yenidən çəkilir, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılır. Birgə aparılan işlər gələcəkdə yolun tez bir zamanda sıradan çıxmasının qarşısını almış olacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində 35 min kv.m-dən çox sahədə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılır, əks dolğu və kipləşdirmə  işləri aparılır, yol ayrıcı və piyada səkiləri bərpa olunur, kənarlarında köhnə səki daşları sökülərək yeniləri ilə əvəz olunur. Artıq yol boyu 3 min p/m-ə yaxın yeni səki daşı düzülüb. Ümumilikdə isə 10 min p/m yeni səki daşının düzülməsi nəzərdə tutulub.


Xəbərə aid fotolar