Azərbaycanda insanın ölüm anının müəyyən edilməsi meyarları və qaydaları təsdiqləndi


Digərləri 07 Fev 2018 15:43:00 334 0

Azərbaycanda insanın ölüm anının müəyyən edilməsi meyarları və qaydaları təsdiqləndi

Səhiyyə Nazirliyinin Kollegiyası "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nı təsdiq edib.

Son.az APA-ya istinadən xəbər verir ki, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Abbas Vəlibəyovun imzaladığı Qayda bu gündən - fevralın 7-dən qüvvədədir.

Qeyd olunub ki, ölüm zamanı insanın orqanizmində ardıcıllığa malik mərhələli bioloji proseslər gedir. Buna müvafiq olaraq insan olümü kliniki və ya beyin ölümündən sonra bioloji ölümlə başa çatır. Kliniki ölüm mərhələsində ürəyin fəaliyyəti və tənəffüs prosesi dayanır, orqanizmin həyat fəaliyyətinin xarici əlamətlərinin heç biri müşahidə olunmur, lakin təxirəsalınmaz reanimasiyon tədbirlər nəticəsində orqanizmin həyat fəaliyyətini bərpa etmək mümkün olur. Kliniki ölümü tibb işçisi (həkim və ya feldşer) müəyyən edir. Ürəyin işləməsi və ağciyərlərin süni ventilyasiyası fonunda beynin bütün funksiyalarının tam dayanmasının və geridönməz proseslərinin qeydə alınması beyin ölümünün baş verməsini göstərir. Beyin ölümü diaqnozu xəstənin olduğu tibb müəssisəsində həkimlərin konsiliumu tərəfindən qoyulur. Konsiliumun tərkibinə öz ixtisası üzrə ən azı 5 il iş təcrübəsi olan həkim anestezioloq-reanimatolo və həkim nevropatoloq daxil edilməlidir. Konsiliumda insan orqan və toxumalarının transplantasiyasını həyata keçirən həkimlər iştirak edə bilməzlər. Bioloji ölüm orqanizmin həyat fəaliyyətinin geridönməz dayanmasıdır. İnsanın bioloji ölümü orqanizmdə meydana çıxmış erkən və (və ya) gec meyit əlamətləri əsasında müəyyən edilir. Beyin ölümü və ya bioloji ölüm insanın ölüm anı hesab edilir.

Reanimasiya tədbirləri orqanizmin həyativacib orqan və sistemlərinin funksiyalarının bərpasına, o cümlədən tənəffüs və qan dövranı funksiyalarının süni surətdə saxlanmasına yönəldilir və həkim və ya feldşer tərəfindən həyata keçirilir, onlar olmadıqda isə ürək-ağciyər-beyin reanimasiya tədbirlərinin aparılması üzrə tibbi təlim keçmiş və müvafiq vərdişləri mənimsəmiş şəxslər tərəfindən (fövqəladə hallarda) həyata keçirilir. Reanimasiya tədbirləri aşağıdakı hallarda dayandırılır:

- Beyin ölümünün müəyyənləşdirilməsi əsasında insan ölümünün təsdiqlənməsi zamanı;

- reanimasiya tədbirlərinin insanın həyati vacib funksiyaların bərpasına 30 dəqiqə ərzində yönəldilməsi nəticəsiz olduqda;

- reanimasiya tədbirlərinin tam həcmdə (ağciyərin süni ventilyasiyası, ürəyin masajı, dərman vasitələrinin istifadəsi) keçirilməsinə başlanmasından 10 dəqiqə ərzində, yenidoğulmuşlarda ürək döyüntüsünün olmaması;

- bioloji ölümün əlamətləri aşkarlandıqda.

Bioloji ölüm anı ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələrinin  həkim və ya feldşeri tərəfindən müəyyən edilir və "Ölüm haqqında tibbi şəhadətnamə" doldurulur. "Ölüm haqqında tibbi şəhadətnamə'' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi"ni tibb müəssisələrinə təqdim etmək üçün doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: