Məhbusların qaçmasına görə həbs olunan qarovul rəisinin həbs müddəti uzadıldı


Digərləri 07 Fev 2018 15:47:00 264 0

Məhbusların qaçmasına görə həbs olunan qarovul rəisinin həbs müddəti uzadıldı

Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədovun həbs müddəti uzadılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə C.Səmədovun vəkili Vilayət Nadirov məlumat verib.

Vəkil bildirib ki, Nəsimi rayon məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmənin qərarı ilə C. Səmədovun həbs müddəti mayın 23-dək uzadılıb:

"Məhkəmədə özü ilə də görüşdüm. Onun bel nahiyəsində ağrıları var. Bu da boynunda yaranmış şişlə əlaqədardır. Tibb məntəqəsinə müraciət edib və həkim nəzarətində müalicə olunur. Saxlanma şəraiti normaldır".

Xatırladaq ki, C.Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bu il fevralın 25-də başa çatırdı.

Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.