BŞBPİ-i və Bakı Şəhər Prokurorluğu piyadanın “Kamaz”la vurularaq öldürülməsi barədə birgə məlumat yayıb
Sosial 07 Fev 2018 15:18:12 274 0
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir
"Report" xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu birgə məlumat yayıb.
Bununla əlaqədar bildirilir ki, M.Əhmədovun “Kəllə beyin travması, baş beyinin əzilməsi” diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilməsi və orada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla M.Əhmədovun cari il fevralın 5-də Beynəlxalq Avtovağzalın yaxınlığında yolu keçərkən avtomobillə vurulma nəticəsində xəsarətlər alaraq vəfat etməsi müəyyən edildiyindən fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilmişdir.
İstintaq zamanı hadisənin 1971-ci il təvəllüdlü Zalov Eldar İsrail oğlunun idarə etdiyi 21-BF-499 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobili ilə törətməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.