500dən artıq inzibati vəzifə üzrə müsahibə elan edildi


Digərləri 07 Fev 2018 15:01:00 329 0

500dən artıq inzibati vəzifə üzrə müsahibə elan edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan icraçı vəzifələr üzrə (BB qrupu) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, İmtahan Mərkəzi ƏƏSMN üzrə inzibati vəzifələrin 6-7-ci təsnifatlarına lDövlət uyğun olan 519 vakant inzibati icraçı vəzifəsinə (BB qrupu) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib. Təqdim edilmiş vakant vəzifələr nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunda, Dövlət Məşqulluq Xidmətində, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində inzibati vəzifələrin 6-7-ci təsnifatlarına uyğun olan (BB qrupu) vəzifələrdir. Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat 08 mart 2018-ci il tarixinədək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması" vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 08 mart 2018-ci il saat 18:00-dək Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.