12 şəhərdə tullantı sutəmizləyici qurğuların inşası nəzərdə tutulur


Digərləri 07 Fev 2018 14:58:00 261 0

12 şəhərdə tullantı sutəmizləyici qurğuların inşası nəzərdə tutulur

Əhalinin içməli su təminatının yaxşılaşdırılması sahəsində işlərin 2018-ci ildə də davam etdirilməsi nəzərdə tutulur.

Bakı. Əhalinin içməli su təminatının yaxşılaşdırılması sahəsində işlərin 2018-ci ildə də davam etdirilməsi, içməli sudan əziyyət çəkən kəndlərdə, həmçinin Qazax şəhərində yeni layihələrin, 12 şəhərdə tullantı sutəmizləyici qurğuların inşasına başlanılması nəzərdə tutulur. “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bunu qurumun sədri Qorxmaz Hüseynov “Azərsu”da 2017-ci ilin və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş iclasda deyib. Q.Hüseynov bildirib ki, hesabat dövründə 1366 km magistral və şəbəkə su xətləri, 382 km kanalizasiya kollektoru və xətləri, 1 içməli və 1 tullantı sutəmizləyici qurğu, 10 su anbarı tikilib, 22 subartezian quyusu qazılıb, 6 nasos stansiyası, 105 min ədəd sayğac quraşdırılıb. Görülmüş işlər nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda -116min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilib, 132 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 66,9 faizə, Bakı şəhəri üzrə isə 81,5 faizə yüksəlib. “Azərsu” ASC-nin sədri diqqətə çatdırıb ki, əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə 28 rayonun 170 yaşayış məntəqəsində içməli su layihələri icra edilib. Bakı şəhərinin yağış sularının yığılma təhlükəsi olan ərazilərində səth sularının kənarlaşdırılması üzrə 13 layihənin icrası yekunlaşıb. Zərdab, Hacıqabul və Şamaxı rayonlarında suvarma layihələri icra olunub, Ötən müddətdə şəhərlərin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da su şəbəkələrinin inşası uğurla başa çatıb. Kənd yaşayış məntəqələrini içməli su ilə təmin etmək məqsədilə əhalisinin sayı 630 min nəfər olan 520 kənddə yeni layihələr icra olunub. 2004-2017-ci illərdə 20-dən artıq su mənbəyi yaradılıb, 1390 km-i magistral olmaqla 9230 km su kəmərləri, ümumi həcmi 530 min kubmetr olan 230 su anbarı tikilib, 300-dən artıq subartezian quyusu qazılaraq istismara verilib. Yeni şəbəkələrin yaradılması, mövcud şəbəkələrin genişləndirilməsi hesabına xidmət göstərilən abonentlərin sayı 60 faizdən çox artaraq 1 mln 410 minə çatıb, sayğaclaşma səviyyəsi 77 faizə çatdırılıb.