Müsəlman ölkələrindən Fələstinə böyük dəstək FOTO


Siyasət 07 Fev 2018 14:02:00 255 0

Müsəlman ölkələrindən Fələstinə böyük dəstək  FOTO

Bütün maneələrə baxmayaraq "Qüds - İslam Dünyası Gənclər Paytaxtı" proqramının möhtəşəm açılış mərasimi keçirilib.

Son.az xəbər verir ki, fevralın 6-da Fələstinin mərkəzi Ramalla şəhərində "Qüds - İslam Dünyası Gənclər Paytaxtı" beynəlxalq proqramının təntənəli açılış mərasimi baş tutub. İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən proqramın açılış tədbirində, İsrail tərəfindən törədilən bəzi süni maneələr baxmayaraq, 10-u nazir səviyyəsində olmaqla, 30-dan artıq İƏT ölkəsinin rəsmi nümayəndə heyəti iştirak edib. Açılış mərasimində eyni zamanda, "Gənclər Paytaxtı" proqramının 14 İƏT üzv ölkəsinin dövlət başçılarından ibarət Qəyyumlar Şurasının yaradılması elan edilib və bu Şuranın ilk işçi iclası keçirilib.

İƏT Gənclər Forumundən Son.az-a verilən məlumata görə, Fələstin dövlət başçısının iqamətgahında keçirilən açılış mərasimində Fələstinin Gənclər və İdman naziri Cibril Racub və İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov programı rəsmən açıq elan ediblər. E.İskəndərov çıxışında Qüdsün İslami kimliyininin hədəfə alındığı çətin bir vaxtda, musəlmanların ilk Qibləsi olan bu şəhərin Gənclər Paytaxtı elan edilməsini əməldə İslam Həmrəyliyinə töfhə kimi dəyərləndirib. Proqramın və onu icra edən İƏT Gənclər Forumunun qarşısını almaq üçün törədilən əngəllərdən danışan, bütün bu çətinliklərə rəğmən qurumun proqramı davam etdirməkdə qərarlı olduğunu vurğulayan E.İskəndərov İƏT ölkələrini əməldə həmrəylik nümayiş etdirməyə dəvət edib.

Tədbirdə Fələstin dövlətinin rəhbəri Mahmud Abbas çıxış edərək, bu layihənin əsas müəllifi olan, Azərbaycan və Türkiyə hökumətlərinin təşəbbüsü ilə təsis olunmuş İƏT Gənclər Forumunun fəaliyyətlərinə yüksək qiymət verib. O, "Qüds - İslam Dünyası Gənclər Paytaxtı" Proqramının Qüdsün Fələstin paytaxtı elan edilməsi haqda İƏT Zirvə Toplantısının əməli müstəviyə keçəcəyinin müqəddiməsi olduğuna inamını ifadə edib. M.Abbas bunu Qüdsü Fələstindən ayırmaq istəyənlərə layiqli cavab adlandırıb və bu il Bakı şəhərində keçiriləcək İƏT Gənclər və İdman Nazirlərinin növbəti sessiyasında "Qüds - Gənclər Paytaxtı" proqramına üzv-ölkələrin daha yüksək səviyyədə dəstək verəcəyinə ümid etdiyini bildirib.

Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov isə keçən ilin Azərbaycanda ölkə başçısı İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan olunduğu və bu istiqamətdə keçirilmiş tədbirlər haqda məlumat verib. Nazir Azərbaycanın bu istiqamətdə siyasətini davam etdirəcəyini qeyd edib və "Qüds - İƏT Gənclər Paytaxtı" proqramının uğurla həyata keçməsi üçün Azzərbaycanın lazımi dəstək verəcəyini açıqlayıb.

Açılış mərasimində həmçinin, Türkiyə, İordaniya, Kuveyt, Qatar, Pakistan, Bəhreyn, Mərakeş kimi ölkələrin gənclər və idman nazirləri çıxış edib, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğanın və İƏT-in baş katibi Yusif Əl-Useyminin tədbir iştirakçılarına ünvanlanmış təbrik məktubları oxunub. 

Mərasimi çərçivəsində Fələstinin tarixində ilk dəfə olaraq İƏT Gənclər Forumunun təşəbbüsü ilə gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirəcək və milli dialoqa dəstək olacaq Fələstin Gənclərinin Milli Şurasının yaradıldığı da elan olunub.

Qeyd edək ki, "İslam Dünyası Gənclər Paytaxtı" beynəlxalq proqramı İƏT Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə ilk dəfə 2015-ci ildən həyata keçirilməyə başlanıb. Proqram çərçivəsində 2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin Fəs və İranın Şiraz şəhərləri İslam dünyası gənclər paytaxtı elan olunublar.

Yusif Nəsirli Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində      


Xəbərə aid fotolar