Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər


Digərləri 07 Fev 2018 13:25:00 304 0

Azərbaycanda elektrik stansiyaları özəlləşdirilə bilər

Azərbaycanda elektrik stansiyalarının özəlləşdirilmə imkanları nəzərdən keçirilir.

Son.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq, Komitə tərəfindən elektrik enerjisi sektorunun liberallaşdırılması tədbirləri çərçivəsində elektrik stansiyalarının özəlləşdirilməsi imkanları nəzərdən keçirilir. Bu məqsədlə Komitədə Energetika və İqtisadiyyat nazirlikləri, habelə "Azərenerji" ASC-nin nümayəndələri cəlb olunmaqla işçi qrupu fəaliyyət göstərir.

İlkin mərhələdə işçi qrupu tərəfindən mövcud elektrik stansiyalarında elektrik enerjisinin istehsalının vəziyyəti öyrənilir. Eyni zamanda, stansiyaların səmərəlilik göstəriciləri, qoyuluş, imkan və faktiki gücləri təhlil olunur. Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılmalı strateji əhəmiyyətə malik stansiyaların siyahısı dəqiqləşdirilir. Enerji sektorunda özəlləşdirilmə prosesi vasitəsilə səmərəliliyin artırılması və uğurlu nəticələrin əldə edilməsi istiqamətində beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlərlə müzakirələr aparılır.

Növbəti mərhələdə özəlləşdirilməsinə qərar veriləcək stansiyalara investorlar və ya operator şirkətlərin cəlb edilməsi istiqamətində tədbirlər görüləcək. Elektrik enerjisi sektorunda özəl şirkətlərin səmərəli iştirakını təmin etmək məqsədi ilə beynəlxalq təcrübəyə xüsusi əhəmiyyət verilir, qabaqcıl ölkələrin praktikası öyrənilir. Hazırda maya dəyəri yüksək olan rentabelsiz stansiyaların özəlləşdirilərək iqtisadi potensialının artırılması ilə bağlı mövcud perspektivlər öyrənilir. Həmçinin bu sektorda rəqabət mühitinə daha tez nail olmaq məqsədilə investorlar üçün nisbətən cəlbedici stansiyaların əlavə investisiya qoyuluşu öhdəlikləri ilə özəlləşdirilməsi kimi alternativlər müzakirə olunur.