İçərişəhərdə yer adlarının, reklamların dili ilə bağlı monitorinq aparılacaq


Sosial 07 Fev 2018 13:05:00 354 0

İçərişəhərdə yer adlarının, reklamların dili ilə bağlı monitorinq aparılacaq

Bakının iki rayonunda da dil qüsurları ilə bağlı monitorinqlərin aparılması nəzərdə tutulub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən yer, kafe adlarında, reklamlarda olan dil qüsurlarının monitorinqi aparılacaq.

Bu barədə “Report”a açıqlamasında AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva məlumat verib.

Onun sözlərinə görə, Dilçilik İnstitutu bununla bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət edib. 

S.Əliyeva bildirib ki, Bakıya gələn turistlər ilk olaraq şəhərin görkəmli yerlərindən biri olan İçərişəhəri gəzirlər: “Biz də dilçi olaraq İçərişəhərdə də Azərbaycan dilindəki yazıların qaydasında olmasını istəyirik. Bu səbəbdən ərazidəki Azərbaycan dilindəki yazıların düzgün yazılışına nəzarət edəcəyik. Qanunvericiliyə görə, reklamların yazılışı zamanı xarici dildə olan hissə Azərbaycan dilində olan hissədən kiçik olmalıdır, ancaq bu qayda çox vaxt gözlənilmir”.

Şöbə müdiri vurğulayıb ki, 2018-ci ildə bir neçə bölgədə və Bakının iki rayonunda dil qüsurları ilə bağlı monitorinqlərin aparılması da nəzərdə tutulub.