Cahangir Əsgərov dünyanın ən böyük yük aviaşirkətlərindən biri olan "Cargolux" ilə tarixi əməkdaşlığı müzakirə edib


Digərləri 07 Fev 2018 12:55:00 258 0

Cahangir Əsgərov dünyanın ən böyük yük aviaşirkətlərindən biri olan "Cargolux" ilə tarixi əməkdaşlığı müzakirə edib

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Prezidenti Cahangir Əsgərov Bakıda "Cargolux" yük aviaşirkətinin Prezidenti və İcraçı Direktoru Riçard Forson ilə görüşmüşdür.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, görüşdə tərəflər əsası 2001-ci ildə "Cargolux" aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna və əks istiqamətə müntəzəm reyslər yerinə yetirməsi ilə qoyulan yük aviadaşımaları sahəsindəki 17 illik səmərəli əməkdaşlıqdan razılığını bildirmişdir. Aviaşirkətlər arasında əməkdaşlıq 2010-cu ildən 2014-cü ilə kimi "Cargolux" şirkətinin Azərbaycanın "Silk Way Airlines" aviaşirkətinə 3 ədəd "Boeing 747-400F" təyyarəsinin tədarük edilməsini nəzərdə tutan müqavilənin imzalanmasından sonra daha da möhkəmlənmişdir. Hazırda hər iki aviaşirkət arasında əməkdaşlıq həmçinin "Boeing 747" təyyarələrinə texniki xidmət, bu təyyarənin simulyatorunda heyət hazırlığı və s. nəzərdə tutur.

Cahangir Əsgərovun sözlərinə görə, hazırda Azərbaycan mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıtmışdır. Yükdaşımaları bazarında özünü çox yaxşı tanıdan yeni geniş füzelyajlı uzaq magistrallı "Boeing 747-8F" təyyarələrinin istifadəsi bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

Eyni zamanda Cahangir Əsgərov "Boeing" şirkətinin "Boeing 747-8F" təyyarələrinin istehsalı proqramının bağlanması barədə potensial qərarından təəssüfləndiyini bildirmişdir. Belə ki, Azərbaycanın mülki aviasiya üçün yaxın 10 il ərzində 20 ədəd "Boeing 747-8F" təyyarəsinin alınmasına ehtiyac olacaq və bununla da əlaqədar olaraq Cahangir Əsgərov bu tipli hava gəmisinin istehsalının davam etdirilməsi üçün Boeing Korporasiyasına müraciət etməyi təklif etmişdir.

Öz növbəsində Riçard Forson Heydər Əliyev Beynəlxalq Aeroportunda göstərilən xidmətlərin yüksək keyfiyyətindən məmnunluğunu bildirmişdir. O, həmçinin "Boeing 747-8F" təyyarələrinin beynəlxalq aviadaşımalar bazarında özünü çox yaxşı tanıtması ilə razı olduğunu və bu təyyarələrə tələbin hələ də qaldığını qeyd etmişdir.