Azərbaycan XİN: İsveçrə Milli Şurası sədrinin Qarabağ münaqişəsi ilə bağlı fikirləri rasizmin dəstəklənməsidir


Siyasət 07 Fev 2018 12:19:10 233 0

Azərbaycan XİN: İsveçrə Milli Şurası sədrinin Qarabağ münaqişəsi ilə bağlı fikirləri rasizmin dəstəklənməsidir

Hikmət Hacıyev: "O, Yerevanda səsləndirdiyi fikirlərlə Ermənistanın Azərbaycana qarşı təcavüzünə bəraət qazandırdığını nümayiş etdirir"

"Dominik De Buman İsveçrə Milli Şurasının sədri kimi rəsmi statusundan sui-istifadə edərək Ermənistana səfər əsnasında İsveçrənin neytrallıq siyasətinə zidd olaraq qərəzli açıqlamalarla çıxış edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara xələl yetirir". 

"Report"un məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İsveçrə Milli Şurasının sədri Dominik de Bumanın Yerevanda səsləndirdiyi fikirlərini şərh edərkən bildirib.

"İsveçrə Milli Şurasının sədri Dominik De Bumanın Yerevanda səsləndirdiyi fikirlər beynəlxalq səviyyədə qəbul olunmuş dilə tərcümə edildikdə seqreqasiya və rasizmin dəstəklənməsi kimi qiymətləndirilə bilər. Dominik De Buman 2012-ci ildə Azərbaycanın qanunlarını, ərazi bütövlüyü və suverenliyini pozaraq Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. O, bu səfərlə və indi Yerevanda səsləndirdiyi fikirlərlə Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı və işğal olunmuş ərazilərimizdə bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı təmizləməyə bəraət qazandırdığını nümayiş etdirir".