SOCAR istiqrazlarının sahibləri 14 mln. dollardan çox güzəştli kredit alıblar


İqtisadiyyat 07 Fev 2018 11:44:30 348 0

SOCAR istiqrazlarının sahibləri 14 mln. dollardan çox güzəştli kredit alıblar

Bu məbləğin təxminən 2,7 mln. dolları bu il cəlb edilib

Azərbaycanın qiymətli kağızlar bazarında Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazları ilə REPO əməliyyatlarının məbləği kəskin artıb. 

Bu barədə "Report" qiymətli kağızların market-meykeri olan "PSG Kapital" investisiya şirkətinə istinadən xəbər verir. 

Məlumata görə, bu ilin əvvəlindən indiyə qədər SOCAR istiqrazları ilə 4 REPO əməliyyatı baş tutub və müqavilələr bağlanılıb. Bu müqavilələr əsasında istiqraz sahibləri aşağı faizlərlə 2,7 mln. ABŞ dollarından artıq vəsait cəlb ediblər.

Xatırladaq ki, istiqrazlarla REPO əməliyyatlarına ötən ilin noyabrından start verilib. Bu zaman istiqraz sahibləri olan fiziki və hüquqi şəxslər Bakı Fond Birjasında (BFB) qiymətli kağızları girov qoyaraq qısamüddətli və sərfəli şərtlərlə kredit cəlb edə bilirlər. 

İndiyə qədər REPO əməliyatları üzrə ümumilikdə 17 müqavilə bağlanılıb, istiqraz sahibləri 14,4 milyon dollar kredit cəlb ediblər. Bu əməliyyatlardan həm hüquqi şəxslər, həm də fiziki şəxslər, yəni adi vətəndaşlar faydalanıblar.

REPO vasitəsilə cəlb edilən vəsaitlərin məbləği 2,8 min dollardan 1,1 milyon dollara qədər dəyişir. Bu vəsaitlər 2-22 gün müddətinə götürülüb. 

Bununla yanaşı, istiqrazı sahibləri REPO əməliyyatı vasitəsilə təqribən 3 aylıq müddətə də vəsait cəlb edə bilərlər. Burada əsas tələb odur ki, REPO ilə götürülən vəsaitlər faiz ödənişinə 5 gün qalana qədər geri ödənilsin.

Qeyd edək ki, SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi aprelin 17-də olacaq. Həmin vaxta qədər REPO əməliyyatında iştirak edənlər əldə etdikləri vəsaitləri bu tarixə 5 gün qalana qədər qaytarmalıdırlar. Hazırda fevralın əvvəli olduğunu nəzərə alsaq istənilən istiqraz sahibi REPO əməliyyatı edərək 2 aylıq müddətə, illik 3,5% dərəcəsi ilə vəsait cəlb edə bilər.

Qeyd edək ki, müxtəlif qiymətli kağızlar üzrə repo məbləğləri fərqlənir. SOCAR istiqrazları etibarlı qiymətli kağız sayıldığına və BFB-nin əsas listinqində əməliyyat edildiyinə görə, bu kağızlar üzrə “hair cut” (təminat əmsalı) cəmi 5% təşkil edir. Yəni istiqraz sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların dəyərinin 95%-i həcmində vəsait cəlb edə bilərlər.

SOCAR istiqrazları ilə REPO əməliyyatının necə aparıldığını bu videodan izləmək olar.