Dünya birjaları bir gündə 4 trln. dollar itirib


İqtisadiyyat 07 Fev 2018 11:29:32 303 0

Dünya birjaları bir gündə 4 trln. dollar itirib

Robot proqramları səhm satışını daha da kəskinləşdirib

ABŞ fond birjalarında fevralın 5-də yaşanan kəskin satış dünya kapital bazarına sıçrayıb. Nəticədə, fond birjalarındakı satış səbəbindən səhmlərin məcmu dəyəri 4 trln. dollar azalıb. "Report" "Habertürk" saytına istinadən xəbər verir ki, VIX volatillik indeksi də 2015-ci ilin avqust ayından sonra ilk dəfə 50 bənd səviyyəsini ötüb.

Analitiklər ABŞ fond birjalarında baş verən kəskin azalmaya 5 əsas səbəb göstəriblər:

1) ABŞ-da inflyasiyanın sürətlənməsi;

2) 2018-ci ildə FED-in 4 dəfə faiz artırması ehtimallarının güclənməsi;

3) ABŞ fond birjası indekslərinin 2009-cu ildən etibarən 4 dəfəyə yaxın artması səbəbindən gözlənilən satış;

4) Satışın başlamasından sonra robot proqramlarının işə düşməsi nəticəsində satışın daha da sürətlənməsi;

5) Sürü psixologiyası ilə satışın geniş investor təbəqəsinə yayılması.

"Report"un analitik qrupu tədricən yumşaq şəkildə fond birjalarında səhmlərin ucuzlaşacağını, faizlərin artması ilə investorların istiqraz bazarına yönələrək uzun müddət orada cəmləşəcəyini proqnozlaşdırır.