Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞda nümayəndəliyi açıldı


Dünya 07 Fev 2018 10:55:00 330 0

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞda nümayəndəliyi açıldı

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) ABŞ-da nümayəndəliyinin açılması münasibətilə geniş tədbir keçirilib. Nümayəndəlik Los Anceles şəhərində açılıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundən Son.az-a verilən məlumata görə, Baş konsulluq və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə dəstəyi və təşkilatçılığı ilə keçirilmiş tədbirdə xarici ölkələrin baş konsulları, elm və mədəniyyət xadimləri, dini icma rəhbərləri, jurnalistlər, Azərbaycan, yəhudi, türk, Koreya və digər icmaların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev BBMM--nin  ABŞ-da nümayəndəliyinin açılmasını əlamətdar hadisə adlandırıb. O, Azərbaycanda kök salmış multikulturalizm və tolerantlıq ənənələrindən danışaraq, bu dəyərlərin ölkəmizdə əsrlərdir mövcud olduğunu qeyd edib. N.Ağayev ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquqlara malik olduğunu və sülh şəraitində dinc yanaşı yaşadığını, insanların öz etiqadlarını, adət-ənənələrini sərbəst şəkildə həyata keçirdiklərini və bu unikal tolerantlıq mühitinin Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi altında günü-gündən daha da gücləndiyini diqqətə çatdırıb. Baş konsul sonda BBMM-nin ABŞ-dakı nümayəndəliyinə gələcək fəaliyyətində uğurlar arzu edib.

BBMM-nin icraçı direktoru vəzifəsini icra edən Rəvan Həsənov çıxışında Azərbaycanın multikulturalizm siyasəti haqqında məlumat verib və Mərkəzin fəaliyyəti haqqında danışıb. O, Azərbaycan rəhbərliyinin bu istiqamətə xüsusi diqqət ayırdığını, BBMM-nin 2014-cü ildə məhz Prezident İlham Əliyevin sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. R.Həsənov Mərkəzin yaradılmasında əsas məqsədin Azərbaycanın multikulturalizm ənənələrinin öyrənilməsi, bu sahədə dünya təcrübəsinin araşdırılması və Azərbaycan modelinin bütün dünyada təbliğinin həyata keçirilməsindən ibarət olduğunu vurğulayıb, Mərkəzin 3 illik fəaliyyəti müddətində Mərkəzin Vatikan, London, Berlin, Bern, Helsinki, Roma, Cakarta və digər şəhərlərdə çoxsaylı layihələr həyata keçirdiyini bildirib. O, bu günə qədər Mərkəzin müxtəlif xarici ölkələrdə nümayəndəlikərinin açıldığını qeyd edərək, bu gün ABŞ-da nümayəndəliyin açılmasının Azərbaycan modelinin öyrənilməsi və iki ölkə arasında təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını bildirib.

BBMM-nin ABŞ-dakı nümayəndəliyinin rəhbəri, 2009-17-ci illərdə ABŞ Prezidenti Administrasiyasında yüksək vəzifə tutmuş Canna Skot (Jannah Scott) çıxış edərək, sözügedən Mərkəzin ABŞ-da ilk nümayəndəliyinin rəhbəri seçilməsindən çox məmnun olduğunu vurğulayıb. O, Azərbaycana bir neçə dəfə səfər etdiyini, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq mühiti ilə yaxından tanış olduğunu və bu ənənələrin ABŞ ictimaiyyətinə daha dərindən çatdırılması istiqamətində nümayəndəliyin uğurlu fəaliyyət göstərəcəyinə inandığını bildirib.