Möhürlə namaz qılmaq Peyğəmbər sünnəsində varmı?


Digərləri 06 Fev 2018 22:15:00 452 0

Möhürlə namaz qılmaq Peyğəmbər sünnəsində varmı?

Şiə fiqhinə görə namaz möhürlə qılınır. Bəs möhürlə namaz qılmaq Peyğəmbər (s) sünnəsində varmı?

Şiə fiqhinə görə namaz zamanı səcdədə alnı yerə (torpağa, quma, daşa, kərpicə və s.), yerdən çıxan, yeyilməyən və geyilməyən əşyaların üzərinə qoymaq lazımdır. Yəni, söhbət möhürdən yox, namazda səcdə zamanı alnı qeyd edilənlərə qoymaqdan gedir.

Son.az islam.az-a istinadən bildirir ki, Peyğəmbərin və imamların dövründə camaat namazları ya açıq havada - yəni torpağın üzərində, ya da məsciddə qılınırdı. O zaman məscidlərin də yeri ya eləcə torpaq olurdu (çox vaxt toz olmaması üçün gili bərkidib yerə çəkirdilər), ya da həsir döşəyirdilər. Həmçinin, evlərdə də indiki kimi xalça-palaz yox idi. Evlərin döşəməsi ya topraqla örtülü olur, ya da həsirlə döşənirdi. Həsir nə yeyilən, nə də geyilən maddə deyil. Buna görə də o zamanlar, səcdənin şərti ödənildiyi üçün, möhürdən istifadə etməyə ehtiyac yox idi. Amma evlərə, məscidlərə xalça palazlar döşənəndən sonra artıq namaz vaxtı alnı qeyd edilənlərə qoymaq mümkün olmurdu. Buna görə də səcdə zamanı torpağı əvəz edəcək möhürlərdən (bərkidilmiş gil parçası) istifadə etməyə başladılar. Bununla belə, tarixi mənbələrdə artıq hicri III (miladi IX) əsrdə bəzən möhürdən istifadə edilməsi barədə məlumatlar mövcuddur.

Əhli-sünnə fiqhində alnı məhz torpağa qoymaq vacibliyi olmadığı üçün, zəmanənin dəyişməsi ilə torpağı əvəz edəcək bir şeyə ehtiyac olmayıb, ona görə də möhürdən istifadə olmayıb.