Azərbaycan Türkiyə, Gürcüstan və Qazaxıstanla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib


Digərləri 06 Fev 2018 19:27:00 291 0

Azərbaycan Türkiyə, Gürcüstan və Qazaxıstanla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib

Pekində keçirilmiş "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu" mövzusunda Beynəlxalq Konfrans çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, Türkiyənin Nəqliyyat, dənizçilik və kommunikasiya nazirinin müavini Yüksəl Coşqunürək ilə keçirilmiş ikitərəfli görüşdə 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin 16% artdığı, qarşılıqlı investisiya qoyuluşlarının davam etdiyi, Türkiyənin də iştirakçısı olduğu Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verildiyi, digər layihələr üzrə işlərin davam etdirildiyi məmnunluqla vurğulanıb, ölkələrimiz arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti və genişləndirilməsi, nəqliyyat və tranzit yükdaşımaları sahəsində əməkdaşlığın, ticarət əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.

Ş.Mustafayevin Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili ilə görüşündə ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi, birgə layihələrin reallaşdırıldığı vurğulanıb, ötən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun əlaqələrimizin inkişafında əhəmiyyəti qeyd olunub. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən nazir Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb.