14 yeni aqroparkın elektrik təchizatı üçün hazırlıq işləri tam başa çatıb


Digərləri 06 Fev 2018 18:59:44 293 0

14 yeni aqroparkın elektrik təchizatı üçün hazırlıq işləri tam başa çatıb

14 yeni aqroparkın elektrik təchizatı üçün hazırlıq işləri tam başa çatıb.

Bakı. Prezident İlham Əliyevin “Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan son konfransda çıxışından irəli gələn vəzifələrlə bağlı “Azərişıq” ASC-nin mərkəzi binasında geniştərkibli iclas keçirilib. Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Azərişıq” ASC-nin sədri Baba Rzayev iclasda çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin elektroenergetika sahəsinə xüsusi diqqəti sayəsində 2003-cü ildən bu yana respublikanın generasiya gücü fantastik həddə - 3000 MVA artırılıb. "Regionların 2014-2018-ci illlərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda qeyri-neft sektorunun inkişafına yönəlmiş sosial, iqtisadi, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrin xüsusi yer tutduğunu deyən B.Rzayev həmin sahələrin elektrik enerjisi ilə təchiz edilməsi üçün təxirəsalınmaz işlərin görüldüyünü vurğulayıb: “Sırf kənd təsərrüfatının inkişafına yönəlik Hacıqabul, Goranboy, Salyan rayonlarında 110 və 35 kV-luq yarımstansiyalar tikilib və yüksək gərginlikli hava xətləri çəkilib. Eyni zamanda, Ağcabədi, Biləsuvar, İmişli, Kürdəmir, Qobustan, Şabran, Şəmkir, Tovuz, Yevlax, Ucar, Füzuli və Goranboy rayonlarının ərazilərində yaradılan 14 yeni aqroparkın elektrik təchizatlarını həyata keçirmək üçün hazırlıq işləri tam başa çatdırılıb. Bu gün regionlarda 9 minə yaxın melorasiya, su təsərrüfatına aid nasosxana və subartezan quyuları var ki, onların elektrik enerjisi ilə təchizatı üçün qısa müddətdə bütün zəruri tədbirlər görülür, yeni KTM-lər qurlaşdırılır, TM-lər təmir olunur, hava xətləri yenilənir”. Daha sonra B.Rzayev “Azərişıq” ASC yaradıldıqdan sonra regionların sosial-iqtisadi inkişafı, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün görülən işlərin statistikasını açıqlayıb: "Bölgələrdə 18 ədəd 110 kV-luq, 64 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidən qurulub. Regionlardakı yarımstansiyaların əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədiylə SCADA dispetçer idarəetmə mərkəzi yaradılıb. 3 mindən artıq yeni 10-6 kV-luq TM və KTM qurlaşdırılıb. 20 min km-ə yaxın müxtəlif gərginlikli elektrik verilişi xətləri çəkilib. 350 min ədədə yaxın dayaq basdırılıb. 300 min elektron tipli sayğac quraşdırılıb. Abonentlərin enerji uçotuna dair məlumatlarının şəffaflığını təmin etmək məqsədilə Rayon Elektrik Şəbəkələrinin inzibati idarələrinə 155 km-dən çox optik kabel çəkilərək mərkəzi idarəetmə sistemi qurulub. Respublikanın 512 kənd və qəsəbəsinin elektrik təchizatı tamamilə yenidən qurulub və hazırda 180 kənd və qəsəbədə yenidənqurma işləri aparılmaqdadır. Respublika üzrə elektrik şəbəkələrinin qoyuluş gücü “Azərişıq” ASC-nin yarandığı 2015-ci ilin əvvəlində 9 500 MVA-dan, 2017-ci ilin bu gününə qədər 12 000 MVA-ya qədər yüksəldilib. Silsilə və kompleks tədbirlər hesabına “Azərişıq”ın regional elektrik şəbəkələrində texniki itkilər 15,1%-dən 10,1%-ə endirilib. Faydalı elektrik enerjisinə görə yığım respublika üzrə 91,6%, regionlar üzrə isə 85% təşkil edir. Təqdirəlayiq haldır ki, 2017-ci ildə artıq “Azərişıq” ASC alınan faydalı elektrik enerjisinin dəyəri 100 faiz ödənilib".