Prezident seçkilərinin vaxtı niyə dəyişdirildi?


Siyasət 06 Fev 2018 14:55:00 290 0

Prezident seçkilərinin vaxtı niyə dəyişdirildi?

Azərbaycanın dövlət başçısı İlham Əliyev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında bağlı sərəncam verib.

Həmin sənəd hüquqi-prosesual baxımdan mövcud qanunvericiliyin tələblərinə tam uyğundur.  Azərbaycanda hər 5 ilin 3 ili seçkilərlə bağlı olduğundan Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilib və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadılıb. Prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadıldığına görə, Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı - növbədənkənar prezident seçkilərini elan etmək hüququ verilib. Buna görə də "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" sərəncamda nəzərdə tutulmuş məsələlər Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur.

Fəqət, sərəncamla bağlı çoxsaylı şərhlər, açıqlamalar, bəyanatlar və ən başlıcası, suallar səslənir. Sualların arasında isə müxalifət düşərgəsində yer alanların "zondaj" tipli ritorikası xüsusi yer tutur.

İddia tipli həmin suallara cavab verməyə çalışaq.

Növbədənkənar seçkilər labüd idi?

Hələ ötən ilin dekabr ayında  Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qaydalarda dəyişiklik edilmşdi. Seçki Məcəlləsinə təklif edilən dəyişiklik layihəsinə görə, məcəllənin 179-cu (Növbədənkənar prezident seçkilərinin keçirilməsi) maddəsində növbədənkənar prezident seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edildikdən sonra 3 ay yox, 60 gün ərzində keçirilməli idi.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 7-də keçirilmiş iclasında müzakirəyə çıxarılmış və qəbul olunmuşdu.

Bundan başqa, ölkə Konstitusiyasına edilmiş son dəyişikliyə görə, yəni Prezidentin səlahiyyət müddəti 7 il olandan sonra, 2025-ci ildə həm Prezident, həm də Milli Məclis seçkiləri olacaq.

Prezident seçkiləri oktyabr ayında, Milli Məclis seçkiləri isə noyabrda keçirilir. 2025-ci ildə bu iki milli seçkini, eyni zamanda, keçirməksə texniki baxımdan mümkün deyil.

Məhz bu səbəbdən indi, yəni 2018-ci ildəki prezident seçkilərinin vaxtı dəyişdirildi, səsvermənin tarixi ilkin olaraq nəzərdə tutulduğu təki, oktyabrın 11-də yox, apreldə olması məqbul sayıldı.

Ölkənin praktik ehtiyacı bunu tələb etdiyindən dövlət başçısı mövcud səlahiyyət müddətinin 6 ay azaldılması bahasına da olsa, növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verdi.

Bu, qanunvericiliklə bağlı amildir.

Dağlıq Qarabağ amili nə qədər ciddidir?

Prezident seçkilərinin vaxtının dəyişdirilməsinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi də təsir etməmiş deyil.

Bu ilin aprelində Ermənistanda hakimiyyət dəyişəcək, ermənilər prezident üsul-idarəsindən baş nazir idarəetməsi sisteminə keçəcəklər. Ermənistanı parlamentdəki çoxluğun formalaşdırdığı hökumətin başçısı, yəni baş nazir idarə edəcək.

Heç şübhəsiz ki, ermənilər Azərbaycanda prezident seçkilərinin oktyabrda keçirilməsindən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini gecikdirməyə, əngəlləməyə çalışacaqdılar.

Prosesdə çətin, mürəkkəb, amma irəliləyiş vəd edən qarşılıqlı kompromislərin ehtimal edildiyi barədə aylar əvvəl fikirlər səslənmişdi.

Üstəlik, Ermənistanla yanaşı, Rusiyada da prezident seçkiləri keiçriləcək, İrəvanla bahəm, Moskvada da siyasi hakimiyyətin konturları yenidən formalaşacaq.

Belə addımları isə prezident seçkiləri ərəfəsində yox, seçkilərdən sonra atmaq daha məqbuldur.

Nizamlanma ilə bağlı mühüm qərarların ilin sonunadək təxirə salınması isə danışıqların intensivliyinin azalmasına səbəb olardı ki, bu da dinc nizamlanma prosesinin ilin sonunda nəticəsiz qalması ilə bitə bilərdi.

Sadalanan məqamlar isə Ermənistan və Rusiya ilə eyni vaxtda seçkilərin keçirilməsinin vacibliyini, danışıqlar prosesində yeni dövrə təkan vermək üçün müstəvi hazırlamaq ehtiyacını artırırdı.

Ən nəhayət, 2016-cı ilin aprelindəki "Dördgünlük müharibə"də uduzan və çox önəmli strateji mövqelərini işğalçılardan azad edən Azərbaycan ordusundan ağır zərbələr alan Ermənistan mütləq şəkildə qisas almağa çalışır. Danışıqlarda aqressiv, qeyri-konstruktiv mövqe tutan rəsmi İrəvan, təbii ki, Azərbaycanda prezident seçkilərinin oktyabrda keçiriləcəyi məsələsini maksimal şəkildə qabardaraq danışıqlarda "məntiqi fasilənin qaçılmazlığı" tələbini səsləndirəcəkdi.

Buna əsla yol vermək olmazdı.

Azərbaycan nizamlanma prosesində daha qətiyyətli mövqe sərgiləməyə hazırlaşır. Bəhs etdiyimiz səbəbdən də prezident seçkilərinin Ermənistan və Rusiya ilə eyi vaxtda keçirilməsi gərəkli, xüsusi əhəmiyyət daşıyan şərt idi.

Rusiya amili varmı?

ABŞ-da ötən il keçirilmiş prezident seçkilərinə Moskvanın müdaxiləsini iddia edən rəsmi Vaşinqton Rusiyada keçiriləcək prezident seçkilərinə mütləq şəkildə təsir etməyə çalışacaq.

Yeni "qara siyahı"ların hazırlanması, Birləşmiş Ştatların Dövlət Departamentinin də bu siyahıya Rusiyanın yüzlərlə vətəndaşının adını salmasını təsadüf sayacaq sadəlövh yoxdur.

Nazirlər, deputatlar, konsern rəhbərləri, bankirlər, oliqarxlar, sənətçilər, siyasətçilər və başqaları - bu insanların az sonra sanksiya siyahılarında yer alacaqları labüddür.

Təbii ki, belə şəraitdə Rusiyada daxili siyasi gərginlik artacaq, ABŞ situasiyanı mümkün qədər mürəkkəbləşdirərək Moskvanı zəiflətmək istəyəcək.

Rusiya hakimiyyəti ölkədə iğtişaşlara yol verməyəcək qədər qüdrətlidir. Rusiya vətəndaşlarının da tam əksəriyyəti yellərin haradan əsdiyinin fərqində olduqlarından, prezident seçkilərində indiki dövlət başçısı Vladimir Putinə səs verəcək, onun daxili və xarici siyasətini dəstəkləyəcəklər.

Bütün bunları nəzərə almamaq yanlışlıq olardı. Ən azı ona görə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə ATƏT-in təsis etdiyi Minsk Qrupunda ABŞ və Rusiya həmsədr olmaqla yanaşı, Cənubi Qafqaz bölgəsinə ən ciddi təsir rıçaqlarına malik ölkədir.

İki böyük dövlətin qarşıdurmasının intensivləşəcəyi durumda Azərbaycanın müşahidəçi mövqe tutması nə qədər dürüst olardı?!

İlqar Məmmədov "amili" var?

Sosial şəbəkələrdə radikal müxalifət tərəfdarları, xüsusilə də AXCP və REAL mənsubları "seçkilərin vaxtı İlqar Məmmədova görə dəyişdirildi" təki primitiv, hətta absurd iddialarla çıxış edirlər.

Halbuki belə "amil" yoxdur və ola da bilməz.

Çünki ölkə Konstitusiyasının  prezidentliyinə namizədlərə aid tələbləri çox dəqiq və konkretdir.

Konstitusiyanın 100-cü maddəsində deyilir: "Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər".

2009-cu ildə "Respublikaçı Alternativ Hərəkatı"nın (REAL) sədri seçilmiş İlqar Məmmədov 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində iştirak üçün Mərkəzi Seçki Komissiyasına namizəd kimi müraciət etsə də, namizədliyi sırf obyektiv və qanuni səbəblərdən qeydə alınmamışdı.

Elə həmin ilin fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı istintaqa çağırılan, barəsində həbs-qətimkan tədbiri seçilən İ.Məmmədov daha sonra CM-nin 221 və 315.2 maddələri ilə ittiham edilərək 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edilmişdi.

5 ildir həbsdə olan İlqar Məmmədovun nə zaman azadlığa buraxılacağından asılı olmayaraq o, heç bir halda prezident seçkilərinə namizəd qismində qatıla bilməyəcək.

Konstitusiya belə deyir və ölkənin Ali Qanununun tələbləri aşkardır.

Üstəlik, İlqar Məmmədovu xarizmatik siyasətçi, seçkilərdə real şanslara malik namizəd saymaq üçün yalnız REAL mənsubu olmaq gərəkdir: reallıq isə odur ki, İ.Məmmədov populyar siyasətçi olmayıb və deyil.

Onu heç "müttəfiq" olduğunu deyən de-yure AXCP sədri, de-fakto isə Facebook fəalı və çoxsaylı trolların "sahib"i Əli Kərimli belə, özünə rəqib saymır.

Qərb amili: təzyiqlərlə bağlı ehtimallar doğrudur?

Bu amil ilk baxışdan kompilyativ ehtimal təsiri bağışlaya bilər, hətta Azərbaycanda "Qərb aşina"ları olan kəslər məsələni yanlış da sayarlar.

İstisna deyil, çünki belələri heç bir zaman sifarişçilərinə və buyruq sahiblərinə qarşı çıxaraq həqiqəti deməyiblər, bundan sonra da deməyəcəklər.

Həqiqət isə odur ki, Azərbaycanın yürütdüyü müstəqil xarici siyasətdən narazı dairələr, ölkələr və təşkilatlar var, onlar az deyil.

Onlar Bakını postsovet məkanındakı bir sıra paytaxtlar təki, Qərbin tam rahatlıqla, asanlıqla və hətta ikrah hissi ilə idarə etdiyi marionetka hakimiyyətin paytaxtı qismində görmək istəyirlər.

Azərbaycanın dövlət başçısı İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən interaktiv iclasda demişdi: "Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Bu siyasət milli maraqlarımıza söykənir. Biz ölkəmiz üçün çətinlik doğura biləcək heç bir riskli macəraya qoşulmuruq. Qeyd etdiyim kimi, bizim üçün daxili risklər mövcud deyil. Bizdə sabit siyasi və iqtisadi vəziyyət var. Üzləşə biləcəyimiz bütün potensial risklər xaricdən qaynaqlana bilər".

Əfsuslar olsun ki, bəzi yaxın və uzaq qonşular bu reallığı düzgün qiymətləndirmir və Azərbaycana xaricdən neqativ təsirlər göstərməyə çalışaraq daxili sabitliyi pozmağa cəhd edirlər. Azərbaycanı əsassız və süni olaraq ittiham etməyə çalışır, onun antidemokratik ölkə obrazını yaratmağa cəhd göstərir, müxtəlif böhtan kampaniyaları təşkil edirlər. Azərbaycanda siyasi məhbus və insan haqlarının pozulması hallarının axtarışında olanlar da vardır. Təəssüf ki, belələri Azərbaycanın Avropadakı tərəfdaşları sırasında da var.

Məhz bu səbəbddən də Davosdakı həmin çıxış bədxahlara ünvanlanmış "Nə düşündüyünüzü, nə planlaşdırdığınızı bilirik, istəklərinizdən xəbərdarıq" messici idi.

O messic ki, Qərbdəki bəlli dairələrin Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkilərinə müdaxilə planlarından rəsmi Bakının hali olduğunu göstərirdi.

Prezident seçkilərinin yarım il, yəni 6 ay irəli çəkilməsi isə həmin destruktiv dairələri seytnota salıb: onlar planlarında dəyişikliklər edərək strateji istiqamətləri dəyişib "ağrısız yenilənmə"ni iki ay ərzində başa vura bilməyəcəklər.

Müxalifəti zəiflətmək üçün atılmış addım sayıla bilərmi?

Facebook-da atəşin statuslar yazan, "Biz gəlirik!" hayqırtıları ilə profilləri titrədən, fəqət partiyalarının saytı belə, işlək vəziyyətdə olmayan AXCP-nin "qvardiya"sının dediyinə görə, sən demə, Azərbaycan hakimiyyəti Milli Şuranın sədri Cəmil Həsənlidən və ələlxüsus da AXCP sədri Əli Kərimlikdən o qədər ehtiyatlanıb ki, naçar qalaraq növbədənkənar seçkilərlə bağlı qərar  verilib.

Ki, birdən oktyabrda keçirilən seçkilərdə Əli Kərimli milyonlarla tərəfdarlarına arxalanıb irəliləyər.

Bu əsatirə, xülya belə sayılmayacaq paroksizmə nə yazıq ki, inananlar var.

"Müxalifətə ağır zərbə"dən danışanlar, seçkilərədək altı aylıq hazırlıq, təşviqat və təbliğat planlarının pozulmasından bəhs edənlər özlərini yox, onlara hələ də inanan azsaylı "mürid"lərini  aldadırlar.

Çünki Azərbaycanda istisnasız olaraq bütün siyasi partiyaların rəhbərləri bilirdilər ki, 2018-ci il seçki ilidir, hamısı da seçkilərə hazırlaşırdılar.

Bu baxımdan hansısa olmayan planların pozulması nə dərəcədə realdır - bunu yəqin bloqer Əli Kərimli ilə psevdosiyasətçi Cəmil Həsənli bilirlər.

Bəlkə də uğursuzluğa düçar olduqlarını anladıqları üçün aprelin 11-nə təyin olunmuş növbədənkənar prezident seçkilərini boykot etmək qərarlarını açıqlayıblar.

Təbii ki, açıqlamalar həmişəki kimi Facebook vasitəsilə edilib.

Əvvəl Milli Şuranın rəhbəri Cəmil Həsənli, daha sonra da AXCP sədri Əli Kərimli bəyan etdilər ki, bəs inciyiblər, küsüblər və qəzəbnak olublar, ona görə də seçkilərə qatılmayacaqlar. Əvəzində onlar həmişəki kimi, "xalqı etiraz aksiyalarına, boykota çağırırıq" şüarını ərz ediblər.

Bir qədər də keçdi, REAL bəyan etdi ki, bəs liderləri İlqar Məmmədovun qatılmayacağı seçkini tanımayacaqlar, üstəlik, vətəndaşları da seçkini boykot etməyə çağıracaqlar.

Belə isterik açıqlamalarla çıxış edənlərdən fərqli olaraq Müsavatın başqanı Arif Hacılı boykotdan bəhs etməyib. Onun dediyinə görə, Müsavat növbədənkənar qurultay keçiriləcək və seçkilər məsələsi ilə bağlı məhz qurultayda qərar veriləcək.

Əli Kərimli və Cəmil Həsənlinin sosial şəbəkələrdə yayılan çağırışları isə, bağışlayın, əsl isteriya, arzulananları olanlar qismində qələmə vermək istəyi təsiri bağışlayır.

AXCP sədri və Milli Şuranın rəhbəri müxalifətin hansı "potensial"ından danışırlar, "müxalifət hazırlıqsız yaxalandı" deməklə, nəyi nəzərdə tuturlar?!

İllər əvvəl marginallaşan, ən müxtəlif ittifaqlar, birliklər, bloklar və şuralar yaradaraq müxalifətin təmərküzləşməsinə nail olmağa çalışan, fəqət "siyasi meyit" statusuna yuvarlandıqlarının fərqinə varmayan "lider"lərin hər hansı formada normal, adekvat siyasi fəaliyyət taktikaları, davranış strategiyaları yoxdur.

Onlar heç bir halda mövcud hakimiyyət üçün rəqib və yaxud siyasət müstəvisində problem deyillər.

Lümpenləşən, cılızlaşan siyasətçilərin xitab etdikləri xalq isə onları çoxdan unudub.

Prezident seçkilərinin hansı vaxtda keçiriləcəyindən asılı olmayaraq AXCP, Milli Şura və yainki qeyri-struktur liderlik məziyyətlərinə malik olmayan "lider"lərinin sayəsində, sadəcə, sosial şəbəkələrdə trolluqla məşğul ola bilirlər.

İllah da ki, 2013-cü ildəki prezident seçkilərində Əli Kərimli və dəstəsi Rüstəm İbrahimbəyov təki "aldadan kəvakib" amilindən yararlanmağa çalışmışdısa, indi o avantüranı da reallaşdırmaq gücündə deyillər.

Müxalifətçilər islahatlardan, dəyişikliklərdən danışırlar.

Halbuki, hələ də etiraf etmək istəmirlər ki, Azərbaycan siyasətində dövlət başçısı İlham Əliyev ən ciddi və qətiyyətli islahatçı, köklü dəiyşikliklərin təşəbbüskarı, postneft erasında labüd addımları preventik şəkildə atan siyasi xadimdir.

Növbədənkənar prezident seçkilərinin nəticəsi isə çox yəqin faktların yeni konstatasiyası, cəmiyyətin irəliləyişə, inkişafa, dəyişikliklərə və yenilənməyə dəstəyinin izharı olacaq.

Elçin Alıoğlu Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin