Azərbaycanda gənclərin hərtərəfli inkişafına dövlət qayğı və diqqətlə yanaşır


İdman 06 Fev 2018 13:04:00 271 0

Azərbaycanda gənclərin hərtərəfli inkişafına dövlət qayğı və diqqətlə yanaşır

İstedadlı Azərbaycan gəncliyi təbiətin xalqımıza bəxş etdiyi bir nemətdir. Müdriklərin belə bir misalı var ki, torpağın tərkibində qızıl olsa da yalnız müvafiq istehsal prosedurunu keçdikdən sonra o, həqiqi qiymətini alır. İstedad da belədir. Onun üzə çıxması üçün cilalanmağa böyük ehtiyacı var. Bunun üçün də şərait mövcud olmalıdır. Azərbaycan gəncliyinin xoşbəxtlik iksirlərindən biri də odur ki, onun məncub olduğu dövlət öz istedadlarına hər cür şərait yaradır ki, cilalanıb şəfəq saça bilsinlər

Prezident İlham Əliyevin apardığı balanslı xarici siyasət və şaxələndirilmiş iqtisadi siyasət, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun sülhməramlı səfiri Mehriban Əliyevanın mdəniyyətə, mənəvi irsə göstərdiyi qayğı nəticəsində Azərbaycanın gənc istedadlarının sorağı dünyanın ən məşhur mədəniyyət ocaqlarından gəlir.

Gənclərin istedadının üzə çıxarılması üçün dövlət xüsusi layihələr həyata keçirir. Azərbaycanın aparıcı dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılması da təmin edilib. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirməsinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına təsir göstərib. 

Dövlət başçısının sərəncamına əsasən, ali məktəblərə daxil olan və 650-dən çox bal toplayan 100 tələbəyə Prezident təqaüdü verilir. Bu da qəbul imtahanlarında iştirak edən gəncləri daha da həvəsləndirir.  

Bəllidir ki, iqtisadi inkişafda davamlılığın təminatı, qanunçuluğun, dövlət idarəetmə sistemi üçün yüksək ixtisaslı, bacarıqlı, intellektual səviyyəli, vətənpərvər kadrların hazırlanması güclü təhsildən və elmin inkişafından keçir. Bunu hər kəs təsdiqləyə bilər ki, bunun bir mühüm yolu da xüsusi istedada malik gənclərə hərtərəfli şəraitin yaradılmasıdır. Müasir dünyada inkişaf etmiş ölkələrin göstəricilərini şərtləndirən faktorlardan biri də beyin mərkəzlərinin təmərküzləşməsidir. 

Bu da əsasən ona görə lazımdır ki, Azərbaycandan digər ölkələrə beyin axını güclənməsin. Bilirik ki, son 10 ilə qədər Azərbaycandan xarici ölkələrə çox güclü beyin axını baş verib. Təbii ki, beyin axınının davamlı olması ölkənin potensial imkanları üçün təhlükə yaradır. Dövlət siyasətinin ayrılmaz hissəsi olan təhsil bu gün həm də iqtisadiyyatın gələcəyi ilə bağlı məsələdir. Cəmiyyət həyatındakı sürətli dəyişikliklər milli təhsil konsepsiyasının müasirləşdirilməsini, bu sahədə qabaqcıllıq ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin həyata keçirilməsini vacib məsələ kimi önə çıxarır. Bununla belə, ölkə Prezidenti tərəfindən irəli sürülən vəzifələr müstəqil dövlətimizin istedadlı gənclərinə hərtərəfli qayğı göstərilməsinin vacibliyini ortaya qoyur. Məhz təhsilin inkişafı Azərbaycanda milli şüuru, ictimai rəyi dünyada gedən sürətli proseslər səviyyəsinə qaldırır və ölkəmizin inkişaf etmiş ölkələr arasında özünə layiqli yer tutmasına təminat verir. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir.  

Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Bu təbəqə, demək olar ki, bütün sahələrdə öz sözünü deyir və potensial imkanlarını ortaya qoyur. Bu öz ifadəsini dövlət sənədlərində də tapır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənc istedadların xaricdə mükəmməl təhsil almaları istedadlara göstərilən diqqətin bariz nümunəsidir. Bu qayğını həmin gənclərdən birinin həyat yolu çərçivəsində nəzərdən keçirsək daha aydın təsəvvürlər əldə edərik. Bu konteksdə hazırda Almaniyada musiqi təhsili alan Nərmin Nəcəflinin uğurlarına nəzər salmaq kifayətdir.

Uşaq yaşlarından xüsusi istedada malik olduğu aşkar edilən N.Nəcəfli artıq 13 yaşında Azərbaycan Respublikası Prezidentinin qərarı ilə xüsusi aylıq  təqaüdə layiq görülüb və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.

2004-2007-ci illərdə Bakıda keçirilən müxtəlif müsabiqələrin,8-12 yaşlı uşaqlar arasında Moskva şəhərində  keçirilən beynəlxalq müsabiqənin qalibi, Tbilisidə keçirilən beynəlxalq musiqi festivalının laureatı,  II və IV beynəlxalq Rastropoviç, 2011-ci ildə III beynəlxalq Üzeyir Hacıbəyli festivallarının iştirakçısı olub. 2008-ci ilin mayında “Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi”nə həsr olunmuş I Respublika müsabiqəsində “Qran-pri”yə layiq görülüb.

Nərminin Avropada tanınmasında  Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı  səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən tədbirlərdə iştirakı böyük rol oynayıb. 2006-cı ildə Parisdə keçirilən "Azərbaycan:mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsi", 2008-ci ildə Strasburqda və Brüsseldə təşkil olunan “Azərbaycanın xoşməramlı mələkləri” konsert proqpamlarında, İtaliyanın Forte dey Marmi şəhərindəki solo konsertlərdə göstərdiyi məharət və istedad onun şöhrətini bir çox ölkələrə yayır və gənc pianoçu xarici müsabiqələrə dəvət alıb.

2012-ci il onun həyatına bir neçə “uğur”la iz salır. İtaliyanın Seregno şəhərində keçirilən beynəlxalq müsabiqədə böyük yaş qrupunda, Estoniyanın Narva şəhərində keçirilən IX beynəlxalq Şopen müsabiqəsində qalib adını qazanaraq diplom və hədiyyələrlə mükafatlandırılır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fransanın Reyms şəhərində keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” adlı konsert proqramında uğurlu çıxıç edir. İngiltərənin Nyukasl şəhərində baş tutan Gənc pianoçuların V beynəxalq müsabiqəsində I yerə layiq görülməsi isə ona ilin ən sevincli anlarını bəxş edir.

Nərminin qalib gəldiyi bir çox müsabiqələr sanbalına görə Avropa Musiqi Müsabiqələri Birliyinə (EMCY) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının siyahısı”na daxil olduğuna görə o, Bakı Musiqi Akademiyasına imtahansız qəbul edilib.

2014-cü ilin oktyabrında  Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Almaniyanın Hannover şəhərində konsert təşkil edilir. Konsertdə Hannoverdə fəaliyyət göstərən Musiqi, Dram və Media Universitetinin müəllimi, professor Brend Qoetzkenin rəhbərlik etdiyi piano sinfinin tələbələri klassik musiqi parçaları ifa edirlər. Musiqi gecəsində Azərbaycanı Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı, gənclər mükafatı laureatı, Brend Qoetzkenin tələbəsi Nərmin Nəcəfli təmsil edir.

Nərmin Nəcəflinin son iştirak etdiyi tədbir builki Qəbələ beynəlxalq musiqi festivalı olub. O, ən çox sevdiyi bəstəkarlardan olan Frederik Şopenin “Andante Spianato” əsərini ifa edib və alqışların sədası uzun zaman göyləri titrədib.

Gənclərin təhsilə cəlb edilməsi, onların müxtəlif bilik və fiziki tərbiyə layihələrində iştirakı böyük fayda verir. Bu onlara hərtərəfli hazırlıq təlqin edir və belə gənclərdə milli şüur simptomları yüksək inkişaf edir, vətənpərvərlik yüksək olur.

N.NOVRUZ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir