Məşhur aktrisa: Rejissor məni öldürmək istədi


Digərləri 06 Fev 2018 10:53:00 211 0

Məşhur aktrisa: Rejissor məni öldürmək istədi

Hamı elə bilir ki, biz yaxın dostuq. Lakin o, məni öldürmək istədi. Bəli, bu belədir. Nə qədər ağrılı olsa da, etiraf etməliyəm.

Məşhur amerikalı aktrisa, Hollivud ulduzu Uma Turman New York Times-a verdiyi açıqlamasında belə deyib.

Son.az bildirir ki, 47 yaşlı aktrisa Miramax kinostudiyasının banisi və rəhbəri, dünyaca məşhur prodüser Harvi Vaynşteynlə bağlı yox, onun ən yaxın dostlarından biri, kinorejissor Kventin Tarantinodan bəhs edib.

O kəsdən ki, həmişə Uma Turmanı "möhtəşəm aktrisa" adlandırırdı.

Uma Turmanın dediyinə görə, hadisə 2003-cü ildə, "Kill Bill" filminin ilk hissəsinin çəkilişlərində baş verib.

"Çəkiliş meydançasındakı mexaniklərdən biri dedi ki, ertəsi gün idarə etməli olacağım avtomobil nasazdır. Epizodun çəkilişi üçün maşının sürətlər qutusu dəyişdirilmiş və idarəetmədə çətin olmuşdu.

Mən də filmin rejissoru Kventin Tarantinonun yanına yollanıb dedim ki, nasaz maşının sükanı arxasına oturmaq istəmirəm. Həmin epizodda təcrübəli kaskadyorla dəyişdirilməmi tələb etdim. Amma Kventin bu tələblərimi rədd etdi. Dedi ki, heç bir təhlükə yoxdur, yol düz və yaxşıdır, ən uzağı 80 km/saat sürətlə hərəkət etmək gərəkdir. Heç vaxt əla sürücü olmadığımdan tərəddüd edirdim. Kventin məni dilə tutub dedi ki, çəkilişlərdə dəyişiliklər studiyaya çox baha başa gələcək. Filmin xərcləri isə onsuz da büdcəni üstələyib.

Ertəsi gün çox narahat, nigaran vəziyyətdə o lənətə gəlmiş kabrioletə oturdum. Çəkiliş zamanı döngədə sürətin öhdəsindən gələ bilmədim və maşın yol kənarındakı palma ağacına dəydi. Maşın mənə "qulaq asmırdı". Yol isə Kventinin dediyi kimi, düz deyildi. Qəzadan dərhal sonra düşünürdüm ki, bir də gəzə bilməyəcəyəm. Hətta tərpənə bilmirdim".

Qəzadan sonrakı müayinədə həkimlər U.Turmanda beyin silkələnməsini, boyun fəqərələrinin və diz oynaqlarının ciddi travmalarını aşkarlamışdılar.


Xəbərə aid fotolar