Galileo istifadəçilərinin sayı 100 milyona çatıb


Digərləri 06 Fev 2018 08:59:00 226 0

Galileo istifadəçilərinin sayı 100 milyona çatıb

Avropanın "Galileo" peyk sisteminin istifadəçilərinin sayı hazırda 100 milyon təşkil edir. Bu barədə Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin (CNES) məlumatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, mərkəzin bəyanatına görə, "Galileo" artıq gündəlik həyatda yerini möhkəmləndirib ki, bunu da onunla əlaqədar çoxsaylı mobil əlavələr sübut edir: son nəsil smartfonlar "Galileo" xidmətlərini təklif edir, eləcə də ondan avtonom avtomobil tərtibatçıları yararlanır.

"CNES" mərkəzinin rəhbəri Jan-İv Le Qal bildirib ki, "Galileo" sistemi Avropanın kosmosda gücünü təmin etməyə imkan verən uğurun ən yaxşı təcəssümüdür. "Biz artıq kosmik sahədə dünyanın aparıcı oyunçusu qismində çıxış edirik və bu sahədə beynəlxalq əməkdaşlığın aparıcı qüvvəsinə çevrilmişik", - o qeyd edib.

"Galileo" Avropa İttifaqı (Aİ) və Avropa Kosmik Agentliyinin birgə peyk naviqasiya sistemi layihəsidir. Geodeziya və naviqasiya işlərinin həlli üçün nəzərdə tutulan sistemə ABŞ-ın "GPS" və Rusiyanın "GLONASS" peyklərindən fərqli olaraq milli hərbi qurumlar tərəfindən nəzarət edilmir.

Hazırda orbitdə "Galileo" peyklərinin sayı 22 təşkil edir. Çəkisi 700 kiloqrama yaxın aparatlar 23 222 km hündürlükdə (GPS-də bu göstərici 20 180 km təşkil edir) yerləşir.