Azərbaycan torpaqları İlham Əliyevin prezidentliyi dövründə azad ediləcək


Siyasət 06 Fev 2018 07:00:00 284 0

Azərbaycan torpaqları İlham Əliyevin prezidentliyi dövründə azad ediləcək

"Dövlət başçısı İlham Əliyevin növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam verməsi düşünülmüş, Konstitusiyaya uyğun, tam hüquqi və qanuni addımdır. Bu, onun müstəsna səlahiyyətidir. Buna uyğun olaraq da MSK-ya müvafiq tapşırıqlar verilib. Düşünürəm ki, Azərbaycan xalqı həmişə prezident İlham Əliyevi dəstəklədiyi kimi, onun bu qərarını da dəstəkləyəcək".

Bunu Son.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev bildirib.

"Ən real görünən İlham Əliyevin birinci turdaca səs çoxluğu ilə yenidən prezident seçiləcəyidir" Millət vəkilinin fikrincə, apreldə keçiriləcək seçkilərdə də hazırki dövlət başçısı İlham Əliyev mütləq səs çoxluğu ilə yenidən, bu dəfə artıq 7 illik müddətə prezident seçiləcək: "Xalqımız birmənalı prezident İlham Əliyevin ətrafında sıx birləşib və bundan sonra onu daim dəstəkləyəcək. Bunun bir səbəbi də odur ki, bu gün Azərbaycan ümumilikdə Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasəti dəstəkləyir. Bu siyasətin ən uğurlu və layiqli davamçısı isə prezident İlham Əliyevdir. Məhz onun fəaliyyətinin nəticəsidir ki, xalqımızın ilbəil daha firavan yaşaması üçün əməli addımlar atılır, Azərbaycan güclü dövlətə çevrilib. Hamı gözəl başa düşür ki, yeganə düzgün yol Ulu öndər Heydər Əliyevin siyasi yoludur. Məhz elə bu yol da bizi işğal olunmuş torpaqlarımızın azad olunmasına gətirib çıxaracaq. Ona görə də şübhəm yoxdur ki, bu dəfəki seçkilərdə də xalqımız yenidən İlham Əliyevi dəstəkləyəcək". Prezident seçkilərinin vaxtı niyə dəyişdirildi? - Səbəblər sırasında Qarabağ "izi" Qarabağ icmasının üzvü əmindir ki, Dağlıq Qarabağ da daxil olmaqla Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqları məhz İlham Əliyevin növbəti prezidentliyi dövründə azad ediləcək: "Tam əminəm ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Bu məsələdə mövqeyi qətidir və biz bu mövqeni də həyata keçirməyi bacarmalıyıq".

Qeyd edək ki, fevralın 5-də Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində