Azərbaycanda hansı virusun yayıldığı məlum oldu


Digərləri 05 Fev 2018 22:31:00 269 0

Azərbaycanda hansı virusun yayıldığı məlum oldu

Payız və qış aylarında əhali arasında yayılan və yanlış olaraq "qrip" adlandırılan infeksiya əslində paraqripdir və qripdən intoksikasiya simptomlarının yüngüllüyü və ölüm faizinin aşağı olması ilə fərqlənir. Paraqrip yuxarı tənəffüs yollarının, xüsusən burun, udlaq və qırtlağın selikli qişasını zədələyən və zəif intoksikasiya əlamətləri ilə müşayiət olunan kəskin virus infeksiyasıdır.

Son.az bildirir ki, Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aynur Məmmədova bu barədə AZƏRTAC-a deyib: "İnkubasiya, yəni xəstəliyin gizli dövrü virusun tipindən asılı olaraq 2-7 gün davam edir. Xəstənin baş ağrısı, halsızlıq, yüngül titrətmə və əzələ aĝrısından şikayət etməsi xəstəliyin başlandığını göstərir. Hərarət adətən subfebril olur, nadir hallarda çox qalxır, 2-3-cü sutkada ən yüksək şkalaya çatır. Xəstəliyin lap əvvəlindən burunda tutqunluq, boğaz ağrısı, səsin xırıltılı olması və quru öskürək müşahidə olunur. Zökəm və burundan çoxlu seroz möhtəviyyatın ayrılması xəstəni narahat edir.

Böyüklər infeksiyanı uşaqlara nisbətən yüngül keçirir. Paraqripə yoluxan uşaqlarda badamcıqlar böyüyür, boğazda qızartı, az hallarda hallüsinasiya və meningeal sindrom müşahidə olunur".

Onun verdiyi məlumata görə, xəstəliyə daha çox məktəbəqədər yaşda olan və ibtidai siniflərdə oxuyan uşaqlar yoluxur, onlara əksər hallarda kəskin respirator xəstəlik diaqnozu qoyulur. Hava-damcı yolu ilə yayılan viruslar burun, boğaz və qırtlağın selikli qişasına düşür, epitel hüceyrələrinə daxil olaraq çoxalmağa başlayır. Nəticədə selikli qişa zədələnir, hiperemiya və ödem inkişaf edir. Törədici qana keçsə də, virusemiya qısa müddətdə davam edir.

Kiçik yaşlı uşaqlarda qırtlaq sürətlə ödemləşir və onun mənfəzində selik toplanır, nəticədə paraqrip yalançı inaqla ağırlaşır. İnaq adətən gecə saatlarında başlayır, uşağın narahatlığı artır, tənəffüsü çətinləşir və səsi batır. Yetkin yaşlarda isə paraqrip pnevmoniya, angina, otit və ya sinusitlə ağırlaşa bitir, infeksiya fonunda xroniki xəstəliklər də kəskinləşir.