Bu qızlar mütləq müayinədən keçirilməlidir, 35 yaşdan sonra... Baş mamaginekoloqla MÜSAHİBƏ


Digərləri 05 Fev 2018 22:17:00 433 0

Bu qızlar mütləq müayinədən keçirilməlidir, 35 yaşdan sonra...  Baş mamaginekoloqla MÜSAHİBƏ

Hər il orta hesabla 20 qadın doğuş vaxtı və ya onun sonrakı dövrlərində baş vermiş fəsadlaşmalar səbəbindən həyatını itirir. Doğuş vaxtı ölən körpələrin də sayı heç də az deyil. Hər dəfə bu hadisələr vaxtı ailələr həkimləri günahlandırır, həkimlər isə ailələrin gec müraciət etdiyini deyir. Lakin bütün hadisələr Doğuşayardım Komissiyası tərəfindən araşdırılır.

Son.az bildirir ki, Respublikanın baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova ana ölümlərinin səbəbləri, qadınların hamiləlikdən əvvəl və həmin dövrdə etdikləri səhvlər, süni mayalanma üsuluna qədər bir çox problemlə bağlı publika.az-ın suallarını cavablandırıb.

- Sevinc xanım, əvvəlcə Doğuşayardım Komissiyasının əsas vəzifələri və işinin təşkili haqqında danışaq. Ötən il ərzində Komissiya hansı problemləri aşkarladı və hansı uğurlara imza atdı?

- "Hamiləlik, doğum və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq hallarının təhlili üzrə Komissiya"nın əsasnaməsində qeyd edildiyi kimi, bütün ana ölümü hallarının təsdiq olunmuş tibbi sənədlər əsasında təhlilini, təhlil üzrə məsul mütəxəssislərin təyin olunmasını təşkil edir. Habelə göstərilən doğuşayardım tibbi xidmətin keyfiyyətinin artırılması tədbirlərini təklif edir və bütün mərhələlərdə doğuşayardım xidmətin ardıcıllığını yerinə yetirir. Eyni zamanda, aşkar olunan çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq metodik təlimatlar hazırlayır. Bundan əlavə, ağırlaşmış doğuşlar üzrə baş həkimlərin, şöbə müdirlərinin və aidiyyəti olan həkimlərin hesabatlarını və izahatlarını dinləyərək lazım olan halda müəyyən məsələləri araşdırmaq üçün mütəxəsisslər qrupu yaradaraq o qrupun fəaliyyətinə nəzarət edir. Doğuşayardım işində meyadana gələn problemlərlə əlaqədar müşavirələr və seminarlar keçirir.

Ana ölümü baş verdiyi andan 24 saat ərzində Səhiyyə Nazirliyinə təqdim olunmuş müvafiq tibbi sənədlər Komissiyaya göndərilir. Bu sənədlərin əsasında komissiya ekspertizanı təşkil edir və təhlil üzrə məsul mütəxəssisləri təyin edir. Komissiyanın işi protokollaşdırıldıqdan sonra qərar çıxarılır və sənədlər 3 gün ərzində Səhiyyə Nazirliyinə təqdim olunur. Lazım olduğu tədqirdə təhlilə dar ixtisaslı mütəxəssislər cəl edilir. Komissiyanın fəaliyyətində Konstitutsiyamıza, mövcud qanunvericilik aktlarına və Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə, sərəncamlarına, təlimatlarına, eyni zamanda əsasnaməsinə riayət edir. Komissiyanın tərkibində 2017-ci ilin yanvar ayında yaradılmış "Ölümlə nəticələnməyən kritik halların təhlilini üzrə sektor" tərəfindən təhlillərin aparılması başlanılıb. Kritik hala düşən hamilə və zahı qadınlara göstərilən doğuşayardım xidməti təhlil olunaraq, bu yardımın müsbət və mənfi cəhətlərini araşdırıb, qulluq göstərən kollektivin nəzərinə çatdırılır.

2017-ci ildə Komissiya tərəfindən 24 iclas keçirilib. Ümumilikdə Komissiya tərəfindən 21 ana ölümü təhlil olnaraq qərarlar qəbul edilib, 26 şikayət ərizəsi ilə əlaqədar göstərilən doğuşayardım xidməti müzakirə olunub, regionalarda 3 müşavirə keçirilib.

- Riskli olub ölümlə nəticələnməyən hallar ümumi doğuşların neçə faizini təşkil edir?

- Onlar böyük bir qrupdur. Ötən il ərzində 100-ə yaxın hamilə qadın kritik halda Bakıya köçürülüb. Onlara lazımi yardım göstərilib və sağ qala biliblər.

- Kritik halda müraciətlər yalnız bölgələrdən olur, yoxsa Bakıda da belə hallar müşahidə edilir?

- Müraciətlər həm regionlar, həm də paytaxtdan olur.

"İl ərzində hamiləliklərin 45 mini fəsadlaşmış olur"

- Kritik vəziyyətdən çıxarılandan sonra araşdırma apardığınızı dediniz. Kritik halların yaranma səbəbi nədir?

- Bu sözü hər dəfə deyirəm: həkimlər 6 il təhsil alır, 5 il rezidentura oxuyur, sonrakı uzun illər təcrübə toplayaraq yetişir. Bu qədər əziyyət çəkib oxuyan şəxs öyrəndiklərini tətbiq etməkdə xəsislik etməz. Həkim ağ xalat geyinir ki, ailələrin ümidlərini gerçəkləşdirsin. İnanmıram ki, bu qədər oxuyan həkim bilik bacarığını xəstəyə tətbiq etmək istəməsin. Mənim tanıdığım hər bir həkim yoldaşlarım xəstənin xilas edilməsi üçün əlindən gələni edir. Təəssüf ki, müsbət nəticə təkcə həkimdən yox, xəstənin durumundan və orqanizmin aparılan müalicəni mənimsəməsindən asılıdır. Vaxtında müraciət edən xəstə şanslıdır. Amma bəzən orqanizmin bütün qüvvəsi tükənəndən sonra həkimə gəlirlər, bu zaman edilən kömək də təsirini göstərmir. Hesab edirəm ki, həkimlərin savadsızlıqda ittiham edilməsi əsassızıdr. Çünki il ərzində təxminən 140-150 min doğuş qəbul olunur və bu prosesin hamısını həyata keçirən Azərbaycan həkimləridir. Statistikaya görə, bu doğuşların 30 faizi fəsadlaşmış olur. Yəni təxminən 45 min qadının fəsadlaşmış və problemli hamiləliyinə nəzarəti və onların doğuşunu məhz Azərbaycan mama-ginekoloqları həyata keçirir. Heç kim müsbət məqamları dilə gətirmir. Bu xəstələrin arasında bəzi hallarda ana orqanizmi tükənmiş olduğu halda ölüm baş verir. Əlbəttə, bu yolverilməzdir. Ancaq təəssüf ki, bu hallar olur.

- Lakin Doğuşayardım Komissiyası tərəfindən də il ərzində fəaliyyətindəki nöqsanlara görə cəzalandırılan həkimlər olur...

- Bəli olur. Ötən il 21 ana ölümü baş verib və Komissiya tərəfindən araşdırılaraq, Tibbi Yardımın təşkili şöbəsinə təkliflər verilib. Həkimlərin çalışdığı müəssisə rəhbərləri tərəfindən cəzalandırılan, işdən azad edilən, töhmət alanlar da olub. Səhv edən cəzasını alır. Ötən il baş verən ana ölümlərinə görə 23 nəfər tibb işçisinə xəbərdarlıq edilib, 54 nəfərə töhmət verilib, 45 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib, 2 nəfər aşağı vəzifəyə keçirilib, 4 nəfərin əmək müqaviləsinə xitam verilib. Yəni, kifayət qədər cəzalandırılan var.

"Hamilələr 7 dəfə qadın məsləhətxanasında olmalıdırlar"

- Problemli hamiləliklərlə bağlı regionlar arasında fərq varmı? Hansı bölgədə daha çox rast gəlinir belə hallara?

- Bölgələr üzrə problemli hamiləliklərlə bağlı rəqəmlər arasında çox da ciddi fərq olmur. Ümumiyyətlə, regionlarda gəlini, qızı xəstəxanaya aparmaq adəti yoxdur. Qız xəstə də olsa, o, ailə qurur. Bəzən valideynlər ya qızının xəstəliyindən tam xəbərsiz olur, ya da bilsələr də bunu gizlədirlər. Bu gün daxili miqrasiya çoxaldığından, tez-tez kirayə yerlərini dəyişən hamilələr qadın məsləhətxanalarına müraciət etmirlər. Onların qeydiyyata alınması, nəzarət olunması, vaxtında müvafiq müayinələrə cəlb olunması cətinləşir. Adətən, hamilələr son anda həkimə müraciət edirlər. Halbuki, problem başlandıqda müraciət edilsəydi, onun qarşısı alına bilərdi. Doğuş prosesi başlayanda həkimə müraciət edirlər, həkim qadının əvvəlki problemlərindən xəbərsiz olur. Valideynlərə müraciət edirik ki, qızları ailə qurmamışdan əvvəl ürəyini, ağ ciyərlərini, qanını mütləq yoxlatdırsınlar.

- Qadınların hamiləlik zamanı keçməli olduğu müayinələrdən də danışaq. Qadın məsləhətxanalarına müraciət qane edirmi?

- Azərbaycanda 2009-cu ildən Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə uyğun olaraq sağlam hamilə qadının həkimə müraciət qaydası, vaxtları, hər dəfə keçməli olduğu müayinələr müəyyən edilib və protokol şəklində təsdiqlənib. İstər dövlət, istərsə də özəl klinikalarda ginekoloqlar bu protokola uyğun şəkildə işləyir. Sağlam qadın hamiləlik vaxtı yeddi dəfə qadın məsləhətxanasında olmalıdır. Amma qadınlar xəstə olduğu halda bu gəlişlər tezləşdirilməli, iki həftədən bir müayinəyə gəlməlidirlər. Elə xəstəliklər var ki, hamiləlik vaxtı meydana gəlir. Hamiləlik vaxtı qadının bədənində olan problemlər üzə çıxır. Çünki qadın orqanizminin bütün qüvvəsi uşağın ana bətnində bəslənməsinə yönəlir, "zəif olan yerlərdə boşluqlar yaranır". Ailə qurmamışdan əvvəl yoxlanma, aşkar olunan xəstəliklərin mütləq müalicəsi vacibdir. Eynilə hamiləlik vaxtı yaranan problemlərə dərhal həkimə müraciət edilsə, vaxtında müdaxilə olunaraq ana və uşağın dünyaya sağ gəlməsinə zamənət verərik.

- Risk qrupuna kimlər daxildir?

- Az bədən çəkili, kök xanımlar, ürək, böyrək xəstələri, ailə qurmadan əvvəl sidik yollarında, qanın laxtalanmasında, ürəkgetmə, epilepsiya problemləri, habelə ana tərəfdə diabet xəstəsi olanlar, 4 və daha çox hamiləlik keçirən qadınlar bu qrupa daxildir. Həmin qadınlar hamilə vaxtı nəzarətdə olmalıdır.

"Bu həftələrdə doğulan uşaqların 70 faizi ölür"

- Bir neçə gün əvvəl sosial şəbəkədə 370 qram doğulan uşaqdan ailəsinin imtinası barədə məlumat yayılmışdı. Ölkəmizdə neçənci həftədə doğulan uşaqlar sağ qala bilir? Bir neçə ildir diridoğulanlarla bağlı meyarlar dəyişdi. Bu dəyişikliyin nəticələri barədə də məlumat verərdiniz.

- Azərbaycanda diridoğulanlarla bağlı yeni meyarlar 2015-ci ildən tətbiq edilir. Hamiləliyin 22 həftəliyi müddətindən yuxarı doğulan uşaq səs çıxarırsa, göbək ciyəsində pulsasiya varsa, ona diridoğulmuş uşaq deyirik. Biz həmin uşağın yaşaması üçün bütün yardımı göstərməliyik. 22 həftəsindən aşağı müddətdən doğulanlar döl sayılır və onların yaşamaq qabiliyyəti olmadığından, tam həcmdə aparılan intensiv müalicə nəticə vermir. Dünyada 22-34 həftəyə qədər müddətdə doğulan uşaqların Ümumdüya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə 60-70 faizi erkən neonatal ölümlə nəticələnir. Nevroloji xəstəliklərin, o cümlədən uşaq serebral iflicinin, görmə qabiliyyəti pozulmalarının (korluq daxil olmaqla), eşitmə qabiliyyəti pozulmalarının (karlıq daxil olmaqla), ağciyərlərin ağır xronik xəstəliklərin 50 faizi vaxtından əvvəl doğulmuşların payına düşür. Bu, bütün dünyada belədir. Çünki onların daxili orqanları tam formalaşmayıb. Uşağın bətndaxili yetişməsi üçün təbiətdə 40 həftə müəyyən edilib. Onu da qeyd etmək istərdim ki, 2015-ci ilə qədər 1 kiloya qədər doğulan uşaqların əksəriyyəti tələf olurdu. Diridoğulma meyarına keçdiyimiz 3 il ərzində 1 kilodan aşağı çəkidə 332 uşaq doğulub, onların 111-i sağ qalıb. Demək olar ki, 30 faizdən çoxu sağ qalıb, bu, böyük nailiyyətdir. Bu uğur uzun illər aparılan hazırlıq işlərinin nəticəsidir. Dövlət müəssisələrində yüksək texnologiyalı metodikaların tətbiqi, xüsusi avadanlıqdan, küvezlərdən istifadə, həmin yenidoğulmuşların müalicəsi üçün Zaqafqaziyada ilk dəfə olaraq Azərbaycanda dövlət təminatlı surfaktant tərkibli endotraxeal suspenziyanın istifadəsi nəticəsində ekstremal az çəkili, vaxtından əvvəl yenidoğulmuşlarda ağciyərin açılmasını və normal fəaliyyətə başlamasını təmin edilməsi mümkün olub. Respublikamızda fəaliyyət göstərən hər bir 3-cü səviyyəli doğuşayardım müəssisələri bu xüsusi avadanlıqlar və dərmanlarla ilbəil təmin olunur. Bu uşaqların müalicə həkimləri daim respublikamızda və xarici ölkələrdə təşkil olunmuş çoxsaylı təlim və kurslarda iştirak edirlər. Bütün çətinliklərə baxmayaraq valideynlər xəstə də olsa, uşaqlarının sağ qalmasını istəyir.


Xəbərə aid fotolar