Tatarıstanda məktəbli qar uçqununa düşərək ölüb


Dünya 05 Fev 2018 21:32:44 252 0

Tatarıstanda məktəbli qar uçqununa düşərək ölüb

Uşaq oynayarkən ayağı büdrəyib və yarğana yıxılıb

Tatarıstanda 9-cu sinif şagirdi qar uçqununa düşərək ölüb.

“Report” xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Çistopol rayonunun Danaurovka kəndində baş verib. 15 yaşlı yeniyetmə və onun 3 sinif yoldaşı Puşkin küçəsində yarğan boyunca oynayırmış. Hansısa məqamda oğlanın ayağı büdrəyib və yarğana yıxılıb. Bu zaman uşağın üzərinə qar topası tökülüb və o, qarın altında qalıb.

Uşaqlardan ikisi aşağı düşərək onu çıxartmağa çalışıblar, digər məktəbli isə kömək çağırmağa qaçıb. Uşaq gec tapılıb. Hadisə yerinə gələn tibb işçiləri məktəblinin öldüyünü təsdiqləyiblər.