Qara Qarayevin "Qoyya" baletinin premyerası olub


Digərləri 05 Fev 2018 20:48:44 247 0

Qara Qarayevin "Qoyya" baletinin premyerası olub

Fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarlar Qara Qarayev və Fərəc Qarayevin "Qoyya" baletinin premyerası baş tutub.

Bakı. Fevralın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarlar Qara Qarayev və Fərəc Qarayevin "Qoyya" baletinin premyerası baş tutub. Teatrdan Trend-ə verilən məlumata görə, premyera tamaşasına hazırlıq işləri hələ teatr mövsümünün əvvəlindən başlayıb. Beynəlmiləl yaradıcı heyətin (Estoniyanın Əməkdar artisti, Estoniya Dövlət mükafatı laureatı Vasili Medvedyev, baletmeysterin assistenti Çexiyalı xoreoqraf Stanislav Feço, musiqi rəhbəri və dirijoru Əməkdar artist, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, quruluşçu rəssam - Rusiya Rəssamlar İttifaqının üzvü Dmitri Çerbadji, xormeysteri Azərbaycanın Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, dekoratorçu rəssam Əməkdar mədəniyyət işçisi Tehran Babayev) və balet truppamızın bir neçə aylıq gərgin əməyinin nəticəsi olan bu gözəl tamaşa bəstəkarın xatirəsinə ən böyük hədiyyələrdən biri olub. Anşlaqla baş tutan tamaşa həm Qara Qarayev sənətinin, həm də Opera və Balet Teatrının yaradıcı fəaliyyətinin əsl təntənəsinə çevrilib. Çoxlu sayda dövlət, mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar, bir sıra ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları və KİV nümayəndələri, nəhayət baletsevərlərin iştirakı ilə baş tutan tamaşa susmaq bilməyən alqışlarla müşayiət olunurdu. Rusiyadan olan istedadlı teatr rəssamı D.Çerbadjinin eskizləri əsasında hazırlanan rəngarəng dekorasiya və kostyumlar tamaşanı daha baxımlı edib. Avropanın bir sıra ölkələrindəki qabaqcıl teatrlarda müxtəlif balet tamaşalarına uğurlu quruluşlar verən Vasili Medvedyevin xoreoqrafiyası əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppası solistlərinin mükəmməl çıxışlarını tamaşaçılar heyranlıqla izləyiblər.