Prezident İlham Əliyev: "İndiyə qədər həyata keçirilən bütün islahatlar çox ciddi sosial siyasətlə tənzimlənir"


Siyasət 05 Fev 2018 17:49:00 359 0

Prezident İlham Əliyev: "İndiyə qədər həyata keçirilən bütün islahatlar çox ciddi sosial siyasətlə tənzimlənir"

"İndiyə qədər həyata keçirilən bütün islahatlar çox ciddi sosial siyasətlə tənzimlənir".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupunu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Qonaqları ölkəmizdə salamlayan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak etdiklərinə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev vurğuladı ki, bu, beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqları ilə Azərbaycan həmkarlar ittifaqları arasında sıx qarşılıqlı fəaliyyəti, həmrəyliyi göstərir: "Qurultay həmişə müəyyən işin nəticəsidir, görülən və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparmaq imkanıdır".

Dövlətimizin başçısı bu sahədə qarşıda duran məsələlərin hamı üçün eyni olduğunu bildirərək əminliyini ifadə etdi ki, qurultayda müzakirə ediləcək məsələlər və qəbul olunacaq qərarlar ölkəmizin uğurlu inkişafına öz töhfəsini verəcək: "Hər bir cəmiyyətdə, əlbəttə, o cümlədən Azərbaycanda da həmkarlar ittifaqının rolu artır. Biz vətəndaşlar üçün sosial cəhətdən müdafiə edilmiş əmək şəraiti yaratmağa çalışırıq. Bu, son 15 ildə 5 dəfədən çox artırılan əməkhaqqında və əmək şəraitində də özünü göstərir. Əlbəttə ki, daimi nəzarət və həllini tələb edən məsələlər də diqqət mərkəzindədir. Bu, ilk növbədə, məşğulluqla əlaqədardır".

Azərbaycanda son illərdə işsizliyin səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını, cəmi 5 faiz təşkil etdiyini vurğulayan dövlət başçısı bunu böyük nailiyyət kimi qiymətləndirdi: "Təxminən son 15 il ərzində əhalinin sayı 1 milyon yarım nəfər artıb, 1 milyon 400 min isə daimi iş yeri yaradılıb. Buna görə də belə müsbət demoqrafik dinamika əlbəttə ki, bizi həmişə işsizliyin daim aşağı səviyyədə olması üçün yeni iş yerlərinin yaradılması istiqamətində fəal işləməyə məcbur edir".

Prezident vurğuladı ki, bu qədər iş yerinin yaradılması dövlətin əldə etdiyi ən böyük nailiyyətlərdən biridir: "Elmi-texniki tərəqqini, avtomatlaşdırmanı, yeni texnologiyaların inkişafını nəzərə alaraq, indi qarşıda yenidən ixtisaslaşma vəzifəsi durur. Bu gün biz bunun üzərində işləyirik. Eləcə də düşünürəm ki, qeyri-leqal məşğulluqla bağlı məsələ ətrafında fikir mübadiləsi aparmaq faydalı olardı. Azərbaycanda işlə məşğul olanların hamısını qeydiyyata götürmək üçün həm inzibati, həm də sistem xarakterli tədbirlər görülür. Əlbəttə, bununla paralel olaraq əməyin ödənilməsinin ölçüləri barədə dəqiq nəzarət və hesabatlılıq da diqqət mərkəzindədir".

İlham Əliyev bildirib ki, yalnız həmkarlar ittifaqının qüvvəsi ilə bunları həll etmək mümkün deyil: "Burada həm nəzarət, həm də fiskal, vergi, sosial müdafiə və əmək orqanları birgə işləməlidir".

Dövlətimizin başçısı qurultayda aparılacaq fikir mübadiləsinin faydalı olacağına əminliyini bildirib və qurultayın işinə uğurlar arzulayıb.

Azərbaycan Prezidenti əlavə edib: "Məqsədimiz vətəndaşların həyatını daha da yaxşılaşdırmaq, dövlətin daha güclü və uğurlu olması üçün çalışmaqdır. Buna görə də bizim iqtisadi sahədə apardığımız və indiyə qədər həyata keçirilən bütün islahatlar çox ciddi sosial siyasətlə tənzimlənir".

İlham Əliyevin sözlərinə görə, bu islahatlar o vaxt səmərəli olur ki, ictimaiyyət onu dəstəkləyir: "Buna görə də iş yerlərinin, işləyənlər üçün layiqli iş şəraitinin yaradılması hər zaman bizim siyasətimizin gündəliyində durur".

Dövlət başçısı qeyd etdi ki, ölkəmizdə çox müsbət demoqrafik dinamika nəzərə alınmaqla yeni iş yerlərinin yaradılması istiqamətində səmərəli iş aparılır: "Azərbaycanda son 15 ildə əhalinin sayı 1 milyon yarım artıb və bu artım meyili hələ də davam edir. Bu da öz növbəsində inkişaf etməkdə olan iqtisadiyyatın göstəricisidir. Son 15 il ərzində bizim iqtisadiyyatımız, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hazırda Davos Dünya İqtisadi Forumunun son qiymətləndirməsinə görə, Azərbaycan rəqabətqabiliyyətlilik cəhətdən dünyada 35-ci, inkişaf etməkdə olan ölkələr arasında isə, - orada 80-dək inkişaf etməkdə olan ölkə var, - 3-cü yerdədir. Bu, bizim ölkəmizin potensialını nümayiş etdirir.

Biz əldə olunan nailiyyətlərlə kifayətlənə bilmərik. Çünki dünyada vəziyyət dəyişir. Qeyri-sabitlik, müharibələr, münaqişələr, qaçqınlar, miqrasiya - bunlar insanlar üçün və bütün bəşəriyyət üçün böyük bəlalardır. Azərbaycan bu problemlə iyirmi ildən artıqdır - Ermənistan tərəfindən işğala və etnik təmizləməyə məruz qaldığı dövrdə üzləşib. Bu işğal nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqına və məcburi köçkünə çevrildi. Bu kateqoriyadan olan insanlar arasında yoxsulluq, işsizlik səviyyəsi çox yüksək idi. Biz bunu xeyli azalda bildik. Onları layiqli işlə, mənzillərlə təmin etdik. 265 min nəfər dövlət hesabına mənzillə təmin olundu. Bu proses indi də davam edir".