General oğlunun məhkəməsi Hökmdən ilkin apellyasiya şikayəti verildi


Digərləri 05 Fev 2018 16:38:00 275 0

General oğlunun məhkəməsi  Hökmdən ilkin apellyasiya şikayəti verildi

Xuliqanlıq hərəkəti etməkdə təqsirləndirilən Rüstəm Orucov və Pərviz Abbasovun barələrində olan hökmdən ilkin apellyasiya şikayəti verilib.

Son.az xəbər verir ki, bu barədə report-a R.Orucovun vəkili Kamandar Nəsibov bildirib.

O, müdafiə tərəfi olaraq məhkəmə iclas protokolu ilə tanış olmadıqlarını deyib: "On dörd gün əvvəl Binəqədi Rayon Məhkəməsinə müraciət etdik ki, bizə protokollarla tanış olmaq üçün şəraət yaradılsın. Məhkəmə katibi bizə söylədi ki, hakim Rəşad Əliyev məzuniyyətdədir, protokol da hazır deyil. Hətta bu gün də yenidən məhkəmə ilə əlaqə saxladıq, lakin katib hakimin işə çıxmadığını və protokolu bizə verə bilməyəcəyini qeyd etdi. Məhkəmə iclas protokolu ilə tanış olandan sonra apellyasiya şikayətinə əlavələr edib yenidən məhkəməyə müraciət edəcəyik".

Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı rəsmi məlumata əsasən, ötən il iyulun 3-də Bakı şəhər sakini R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. R.Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə, hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.