Totti: "Romanın mərkəzində yaşamaq qeyri-mümkündür"


İdman 05 Fev 2018 13:33:00 289 0

Totti: "Romanın mərkəzində yaşamaq qeyri-mümkündür"

"Roma"nın sabiq kapitanı Françesko Totti "Əfsanələr kuboku" adı altında keçirilən oyunda iştirak etmək üçün Rusiyanın paytaxtı Moskva şəhərinə gəlib. Goal.az xəbər verir ki, Totti oyundan öncə yerli mətbuata qısa müsahibə verib.

- Moskvada insanların diqqət mərkəzində olmaq sizi bezdirmir?

- İtaliyada vəziyyət daha çətindir. Daim diqqət mərkəzində olmaq şəxsi həyatımda narahatlıq yaradır. Romanın cənub hissəsində yaşayıram, şəhərin mərkəzində yaşamaq qeyri-mümkündür. Uzun müddət Romanın məşhur Via del Korso küçəsində yaşamışam. Digər tərəfdən, gəzintilər barədə düşünməyə vaxtım yoxdur. Hətta həftəsonu da adətən işlərim çox olur. Azarkeşlərin diqqəti isə, bir növ, insana xoş təsir də bağışlayır.

- İtaliyanın paytaxtına gedənlərə hansı yerləri ziyarət etməyi məsləhət görərdiniz?

- Şəhərdə hər yer gözəldir. Romalı kimi demirəm. Bu, obyektiv faktdır. Turistlər hara getsələr, tarixi abidələr, fontanlar və möhtəşəm binalarla qarşılaşacaq. Dəniz və dağlar isə ora xüsusi gözəllik verir.

- Romada siz məşhursuz, yoxa Papa?

- Əlbəttə ki, mən. Görürsünüz, ağ geyinmişəm. Təbii ki, zarafat edirəm. Roma Papası daha məşhurdur.

- Karyeranızı başa vurandan sonrakı gündə nə etdiniz?

- Tətilə çıxdım və 25 ildə ilk dəfə olaraq bütün vaxtımı ailəmlə keçirdim.

- Sonuncu dəfə nə vaxt mahnı oxumusuz?

- Yaxşısı budur oxumayım. Yoxsa hamı qaçar (gülür). Musiqiyə daha çox qulaq asmağa üstünlük verirəm.

- Məsələn, hansı musiqilərə?

- Son vaxtlar kiçik qızımla birlikdə uşaq mahnılarını dinləyirəm. Üç övladım var. Uşaqların tərbiyəsi ilə 12 ildir məşğul oluram deyə çoxlu nağıl və mahnılar bilirəm.

- Kimin tərbiyəsinə daha çox vaxt və enerji sərf etmisiniz: Antonio Kassano, yoxsa öz övladlarınızın?

- Bunların hər ikisi ağır idi. Məşq bazasında evdən daha çox vaxt keçirirdim. Əlbəttə, doğma övladlarımın tərbiyəsinə daha çox enerji sərf etmişəm.