Elxan Tağızadə: “Azərbaycan millisinin Avropa çempionatının yarımfinalına yüksələcəyinə inanıram” - MÜSAHİBƏ


İdman 05 Fev 2018 10:02:00 249 0

Elxan Tağızadə: “Azərbaycan millisinin Avropa çempionatının yarımfinalına yüksələcəyinə inanıram” - MÜSAHİBƏ

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarını tribunadan izləyən və komandanın ən fəal azarkeşlərindən olan İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə federasiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Goal.az həmin müsahibəni təqdim edir...

- Azərbaycan yığmasının qrup mərhələsindəki hər iki oyununu izlədiniz. Təəssüratlarınız necədir?

- Maraqlı oyunlar oldu. Fransa yığması ilə qarşılaşmada qələbə qazanmalı idik, qazandıq. Düzdür, fransızların ispanlardan xal alması, həm də ilk oyunun olması müəyyən qədər təzyiq yaratmışdı. Ancaq həmin təzyiq həm də oyunçuların məsuliyyətini artırmışdı. Hər şey yekun hesabın xeyrimizə olması üçün idi. İspanlarla oyun isə çox ağır keçdi. Rəqib 7 dəfə Avropa, 2 dəfə dünyanın ən güclüsü olub. Hazırkı çempionatda da qalib olmağa əsas namizəddirlər. Onlara bir top fərqi ilə uduzduq. Yeri gəlmişkən, bu, qrup mərhələsində qeydə alınan ən kiçik hesabdır. Birinci oyunda qazanılan qələbə ¼ finala vəsiqənin təmin etmişdi. Ancaq biz qrup lideri kimi növbəti mərhələyə yüksəlməyi və Ukrayna ilə qarşılaşmağı istəyirdik. Bu komanda ilə üz-üzə gəlsəydik, yarımfinala adlamaq şansımız çoxalacaqdı. Portuqaliya isə birinciliyin ən yaxşı oyun göstərən komandalarındandır və medallara namizəddir.

- Ancaq onlara qarşı da oynamaq mümkündür...

- Əlbəttə, onlara qarşı da oynamaq, mərhələ adlamağa imkan verəcək nəticəni əldə etmək olar. Statistikaya baxdıqda hər dəfə onların bizi mübarizədən kənarlaşdırdığını görərik. Son belə duel dünya çempionatının ¼ final mərhələsində baş tutub. Məncə, artıq bu uğursuz sindroma son qoymağın zamanı çatıb. Bu dəfə uğur tərəfimizdə olmalıdır. Komandamız yaxşı oynayır. Uşaqlarda özünəinam yüksəkdir. Bu inamın nəticəsini meydanda görürük. Artıq heç bir rəqibin adından çəkinmək yoxdur. 


- Çempionatda qeydə alınan nəticələr, eləcə də təşkilatçılıqla bağlı qeyd etmək istədiyiniz məqamlar varmı?

- Millimiz artıq beşinci dəfədir ki bu yarışda iştirak edir. Elə mən də komandamızın iştirak sayı qədər final mərhələsini izləyirəm. Macarıstandan tutmuş Xorvatiya, Belçika və Serbiyada da millimizi yalqız buraxmamışam. Təşkilatçılıq yüksək səviyyədədir. Nəticələrə gəldikdə, sensasiyalar qeydə alınıb. İtaliya kimi favorit komanda ¼ finala yüksələ bilmədi. Halbuki 4 il əvvəl onlar Avropanın ən güclüsü olmuşdular. Ümumiyyətlə, oyunlara baxıram, artıq bütün komandalar futzal oynamağı bacarır. Kiməsə zəif komanda gözü ilə baxmaq mümkün deyil. Fransa ilk dəfə qatılmasına baxmayaraq, yaxşı mənada yaddaşlarda qaldı. Bu gün final mərhələsindəki iştirakçı komandaların səviyyəsi bir-birinə çox yaxındır.Azarkeş marağı da hər il artır. 

- Hazırkı çempionatda hansı komandanı favorit hesab edirsiniz?

- Təbii ki, ilk növbədə, yığma komandamızın uğur qazanmasını çox istəyirəm. Aşkar favorit qismində İspaniyanı görürəm. Rusiya niyə qrup mərhələsindəki oyunlarını zəif keçirir, bilmirəm. Bəlkə də baş məşqçiləri “kart”larını gizli saxlayır? Halbuki, qrup mərhələsini ikinci pillədə başa vurdular. Mən isə onların o qrupdan lider kimi yüksələcəklərini gözləyirdim. İspanlarla qrupda oynamağımızın yaxşı tərəfi odur ki, bu rəqiblə bir də finalda qarşılaşa bilərik. 

- Bəs Azərbaycan millisinin finalçı olma şansını nə dərəcədə real hesab edirsiniz?

- Portuqaliyanı mübarizədən kənarlaşdıra bilərik. Başa düşürəm, rəqibimiz yaxşı komandadır. Amma bizim də güclü heyətimiz, ağıllı baş məşqçimiz var. Baş məşqçi Joze Alesio Da Silva onları “vurmaq” üçün “silah” tapacaq. İspanları necə büdrətməyə yaxın olduqsa, baş məşqçi növbəti matç üçün də də xeyirli variantlar fikirləşəcək. Yarımfinala yüksələcəyimizə inanıram.