Bəşər tarixinin ən özünəvurğun nümayəndələri bizikmi?


Digərləri 03 Fev 2018 19:03:00 254 0

Bəşər tarixinin ən özünəvurğun nümayəndələri bizikmi?

Sosial medianın inkişafı bərabərində psixoloqlar üçün yeni bir müzakirə mövzusu da gətirib: gənclər "Mən Nəslidir" yoxsa "Biz Nəsli"?

Bu səhər bir kafedə qəhvə içə-içə işləməyə çalışırdım. Yan masada əyləşən gənc qadın özündən yaşca böyük həmsöhbətinə özü, gördüyü işə ümidləri və marağı, romantik münasibəti və evi haqqında böyük həvəslə danışırdı.

Danışığından belə anlaşılırdı ki, özünü kainatin mərkəzi hesab edir və arzularını mükəmməl və eyni zamanda mühüm sayır.

Görəsən indiki cavanlar və ya "mileniallar"ın (1980-ci ildən sonra doğulan insanlar - minillincilər) hamısı belədirmi?

Sosial medianın təqdim etdiyi özünütərifləmə və özü haqqında yüksək fikirdə olma, gənclərə təhsil vermək əvəzinə onların şəxsiyyətlərini əvvəlki nəsillərdəkindən fərqli şəkildə dəyişdiribmi?

Onlar daha narsist (özünəməftun) və xudbindirlərmi?

Sual psixoloqları iki hissəyə ayırıb. Bəziləri deyirlər ki, "Mən nəsli" hesaba gəlməyəcək qədər böyükdür. Qalanları isə bunun həqiqətə uyğun olmadığını düşünürlər.

Zamanla şəxsiyyətlərin dəyişdiyini göstərən nümunələrdən bol olduğumuz qədər, nəsildən-nəslə artan zəkamızı göstərən sübutlar da az deyil.

Daha çox selfini narsistlərmi çəkdirir, yoxsa narsistləri yaradan elə selfi mədəniyyətidir?

İndiki gənclərin daha özünəməftun və mənfəətpərəst olması ideyasının ən tanınmış tərəfdarlarından biri olan Jean Twenge, California-da yerləşən San Diego Dövlət Universitetinin psixoloqudur və bu mövzu ilə artıq 15 ildir ki məşğuldur.

Twenge, narsizmin artmasının əsasını mədəni dəyişikliklər, xüsusilə də son bir neçə onillikdə fərdiyyətçiliyə artan maraqda görür.

Məsələn valideynlər (təkcə valideynlər yox, elə cəmiyyət özü) hazırda gənclərin fərdi nailiyyətini onların vətəndaşlıq vəzifəsindən daha çox qiymətləndirirlər.

Başqa bir mümkün nəzəriyyəyə əsasən isə hər şey "özünəinam hərəkatından" asılıdır. Bu hərəkat göstərir ki, narkotik vasitə aludəçiliyindən tutmuş zorakılığa qədər cəmiyyətin əsas problemlərinin kökündə insanların özünəinamının aşağı olması dayanır.

Halbuki çoxsaylı araşdırmalar bunun həqiqəti əks etdirmədiyini göstərib. Populyar Psixologiyanın 50 Ən Böyük Mifi (50 Great Myths of Popular Psychology) adlı kitabın 33-cü mifi belədir: "Daha az özünəinam psixoloji problemlərin əsas səbəbidir."

Bununla belə, bu hərəkat sayəsində 1980 və 1990-cı illərdə gəncləri qorumaq üçün genişmiqyaslı addımlar atılıb. Misal üçün aşağı qiymətlərin onların özünəinamını zədələdiyi kimi neqativ hissin doğru olmadığı bəyan edilib.

Eyni zamanda özünə qarşı sevgi və "xüsusi" olmaq hissləri aşılanıb.

İnadkarlıq və özünəhörmət bir çoxumuza doğulandan bəri öyrədilir, bəs bu narsizmə yol açmırmı?

New York jurnalı üçün bu yaxınlarda qələmə aldığı yazısında Jesse Singal, özünəinam hərəkatının Amerika məktəblərində necə geniş yayıldığını kiçik rəngli rezin top tapşırığı əsasında izah edib:

"Bir şagird topu digərinə atır və ona kompliment edir - Köynəyin xoşuma gəlir. Sonra top başqa bir şagirdə atılır və yenə tərif dilə gətirilir - Sən yaxşı futbol oynayırsan. Beləcə yaxşı hisslər topla birlikdə otaqda var-gəl edir."

Bu mədəni cərəyanları nəzərə alsaq görərik ki, bəlkə də dövrümüzün gənclərinə istedadlı olduqları və heyranlıq sevdası əslində süni olaraq aşılanır.

Jean Twenge-in işinin əsas hissəsi "Narsistik Şəxsiyyətin İnventarizasiyası" adlı təcrübə ilə əhəmiyyətlidir. Belə ki, insanlara özünü təsvir edən 40 cüt misallar verilir. Misallardan biri narsistik mənada ("Mən uğur qazanacağam"), digəri isə ("Uğur məni bir elə də maraqlandırmır") fərqli mənada verilir.

Twenge-in araşdırmalarından bir müddət sonra ABŞ kolleclərində tələbələrin qiymətləri artıb. Məsələn, o öz həmkarları ilə müəyyənləşdirib ki, 2009-cu ildə tələbələr 1982-ci ildəkindən daha çox narsistdirlər.

Rəssam David Trullo tualetdə selfi çəkən və Instagrama yükləyən kişilərin şəkillərindən ibarət vanna otağı üçün kafellər hazırlayır

2013-cü ildə dərc etdiyi xülasəsində Twenge fikrini belə ifadə edir: "Hal-hazırda dəlillər də bugünkü nəslin (1980-ci ildən sonra dünyaya gələnlər) ötən nəsillərlə müqayisədə "Biz Nəsli" yox, "Mən Nəsli" olduğunu göstərir."

Bu fikirlə razı olmayanlar arasında Worcester-də yerləşən Clark Univeristetindən Jeffrey Arnett də var. O iddia edir ki, ABŞ-ın kollec tələbələri heç də gənc nəsli bir bütün kimi təmsil etmir. Eləcə də o, Narsistik Şəxsiyyətin İnventarizasiyası sınağının narsizmi müəyənləşdirməsinə şübhə ilə yanaşır.

Gənclərin könüllü kimi işləməyə meyli və müxtəlifliyə daha tolerant yanaşması faktlarını misal çəkən Arnett deyir ki, onun fikri ilə Twenge-in fikri tamamilə fərqlidir: bu günün gəncləri daha az özünəvurğun olduğu qədər, "son dərəcə səxavətli bir nəsil kimi inkişaf edərək dünyaya ümid aşılayırlar".

Bunun həqiqət olması ilə bağlı dəlillər isə artmaqdadır. Gəlin, Psychological Science jurnalında dərc olunan bir tədqiqatı götürək.