"Qısqanclıq zəminində cinayət törətmək kişilikdir"


Digərləri 03 Fev 2018 14:36:00 380 0

"Qısqanclıq zəminində cinayət törətmək kişilikdir"

Son zamanlar ölkəmizdə ailə daxili zorakılıqların və boşanmaların sayı çoxalıb. Bəzən bunlara əsas səbəb kimi qısqanclıq hissi göstərilir. Hətta əksər cinayətlərin qısqanclıq zəminində baş verdiyi vurğulanır. Görəsən həqiqətənmi qısqanclıq hissi bu qədər neqativ hallara yol aça bilər? Bəlkə də davranışlarımızı idarə edə bilməməyimiz gerçəyini dilə gətirməyərək, bütün töhməti qısqanclıq hissinin üzərinə yıxırıq?

Son.az xəbər verir ki, lent.az qısqanclıqla bağlı bilmədiyimiz məqamlara psixoloq Orxan Oruczadə ilə müsahibədə aydınlıq gətirməyə çalışıb. 

- Orxan müəllim, ümumiyyətlə, qısqanclıq nədir, necə bir hissdir?

- Qısqanclıq hər hansı bir şəxsin nəyisə və ya kimisə itirmə qorxusu hissindən yaranan duyğudur. Qısqanclıq hissi təbiətdə də var. Yəni tək insanlara məxsus bir hiss deyil. Adi ev heyvanlarında da bunu rahatlıqla müşahidə etmək olar. Qısqanclıq ilkin mərhələdə və zəif formada olduqda bu, insanlar tərəfindən normal şəkildə qarşılanır. Ancaq bir qədər aşırı dərəcəyə keçdikdə həm şəxsin özü, həm də digərləri üçün ciddi problemlər yarada bilir. Hətta cinayət məcəlləsində belə, qısqanclıq zəminində baş verən cinayət əməllərini tənzimləyən maddələr də var.

- İnsanlarda qısqanclıq hansı yaş dövründə yaranır?

- Qısqanclıq hissinin yaranması ilə bağlı müxtəlif yanaşmalar var. Bəziləri qısqanclıq hissinin anadangəlmə olduğunu, bəziləri isə sonradan yaranandığını söyləyir. Nəzərə alsaq ki, qısqanclıq hissi insanların yaşadığı cəmiyyətə uyğun olaraq özünü büruzə verir, o zaman bu duyğunun sonradan yarandığını deyə bilərik. Yəni qısqanmaq üçün səbəb olmalıdır. Məsələn, 3 yaşına kimi evdə tək böyüyən uşağa diqqətin, qayğının ailəyə daxil olan yeni uşağa görə azalması qısqanclıq hissinin özünü büruzə verməsinə səbəb olur. Heç vaxt qısqanclıq nümayiş etdirməyən və ya etdirməsi üçün səbəb olmayan uşaq birdən-birə şiddətli qısqanclıq davranışları göstərməyə başlayır.

- İnsan psixologiyasına görə, kim daha qısqanc olur - qadın, yoxsa kişi?

- Qısqanclığın kökündə itirmə qorxusu olduğuna görə, bu hissi qadın da yaşaya bilir, kişi də. Lakin cəmiyyətimizdə kişilərin qısqanc davranışları daha adi qəbul edilə bilir. Psixologiya elmində təkamül psixologiyası deyilən bir bölmə var. Təkamül psixologiyası insan psixikasının təkamül etdiyini və bəzi davranışlarımızın kökünün genetik yaddaşımızla min illər əvvələ getdiyini izah edir. Qısqanclıqla bağlı təkamül psixologiyası çox maraqlı bir açıqlama verir. Təkamülçü psixoloqlara görə, uşağın dünyaya gəlmə prosesi ananın bətnində baş verdiyi üçün ananın kim olması ilə bağlı heç bir şübhə qalmır. Lakin uşağın atasının kimliyi ilə bağlı 100 faizlik əminlik kişilərdə heç vaxt olmur. Və tarix boyu genetik yaddaşda bu qeyri-əminlik hissi kişilərin qısqanc davranmasını onlara məxsus bir vərdiş formasına salıb. Həmin yanaşmaya görə isə, qadınların genetik yaddaşında kişinin başqa qadın tapacağı halda onu yalnız qoyması qorxusundan əmələ gələn qısqanclıq hissi formalaşıb. Bu yanaşmanın doğru olub-olmadığını söyləmək çətindir. Amma istənilən halda cinsindən asılı olmayaraq, qısqanclığın kökündə eqoistik maraqlar durur.

- Bəs axı deyirlər, qısqanclıq sevginin göstəricisidir. Bu, doğrudanmı belədir?