Azərbaycan Mərkəzi Bankı bu il inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq


İqtisadiyyat 03 Fev 2018 13:55:29 280 0

Azərbaycan Mərkəzi Bankı bu il inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq

Bu il Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir

Hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla, sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq. Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla AMB konservativ pul siyasətini davam etdirəcək. Bunun üçün Mərkəzi Bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcək.

"Report"un verdiyi xəbərə görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında çıxışı zamanı bildirib. 

AMB sədri deyib ki, Mərkəzi Bankın 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına uyğun olaraq, makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi qarşıda duran başlıca vəzifədir.

Onun sözlərinə görə, 2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir: "Bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım üçün baza şərti olacaq. Mərkəzi Bank mandatına uyğun olaraq özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcək, bununla əlaqədar bütün istiqamətlərdə zəruri islahatların aparılması diqqətdə saxlanılacaq".

Sədr bildirib ki, xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq AMB çevik məzənnə rejimini saxlayacaq. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər. Pul təklifinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək. Bununla belə ödənişlərin fasiləsizliyini təmin etmək, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək bundan sonra da diqqətdə saxlanacaq.