Azərbaycanda Gömrük İdarəsinin böyük inspektoru İŞDƏN ÇIXARILDI


Digərləri 03 Fev 2018 12:09:00 255 0

Azərbaycanda Gömrük İdarəsinin böyük inspektoru İŞDƏN ÇIXARILDI

Dövlət Gömrük Komitəsi (DGK) İran İslam Respublikasından ölkəmizə toyuq ətinin gətirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Son.az xəbər verir ki, DGK-dan Trend-ə bildiriblər ki , 2016-cı ilin dekabr ayından etibarən İran İslam Respublikasından ölkəmizə toyuq ətinin idxalına qadağa qoyulub, miqdarından və təyinatından asılı olmayaraq bu ölkədən toyuq ətinin gətirilməməsinə gömrük orqanları tərəfindən ciddi nəzarət edilir:

"Yayılan məlumatlarda istinad edilən gömrük əməkdaşının dedikləri isə ümumiyyətlə həqiqətə uyğun deyil. Üstəlik, xidmətdə yol verdiyi nöqsanlara görə həmin şəxs barəsində dəfələrlə intizam tənbehi tədbirləri tətbiq edilib. Belə ki, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozduğuna görə Dövlət Gömrük Komitəsinin 22 sentyabr 2017-ci il tarixli əmri ilə Rövşən Vəliyevə töhmət elan edilib, "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi"ndə nəzərdə tutulan prinsip və qaydalara əməl etməyərək, xidməti intizam qaydalarının tələblərini təkrarən pozduğuna görə isə Dövlət Gömrük Komitəsinin 9 yanvar 2018-ci il tarixli əmri ilə Rövşən Vəliyevin xüsusi rütbəsi bir pillə aşağı salınıb.

Komitənin müvafiq strukturları tərəfindən aparılan araşdırmadan da məlum olub ki, bütün bunlardan nəticə çıxarmayan Biləsuvar Gömrük İdarəsinin Yol vergiləri bölməsinin böyük inspektoru, gömrük xidməti kapitanı Rövşən Vəliyev "Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi"nin 4.4-cü və 4.5-ci bəndlərinin tələblərinə əməl etməyərək vəzifə təlimatı ilə müəyyən edilmiş səlahiyyətlərinə aid olmayan işlə məşğul olub, xidmət etdiyi gömrük orqanının fəaliyyəti ilə bağlı kütləvi informasiya vasitəsinin nümayəndəsinə verdiyi müsahibədə öz şəxsi mülahizələrinə əsaslanan fikirlər səsləndirib. Onun bu hərəkəti ictimaiyyətə doğru olmayan məlumatın çatdırılmağına səbəb olub, bununla da o, xidməti vəzifəsinin icrasına laqeyd yanaşaraq xidməti intizam qaydalarının tələblərini pozub".