Bakıda keçmiş məhkumdan 5 kiloqram narkotik maddə götürülüb


Sosial 03 Fev 2018 11:34:12 288 0

Bakıda keçmiş məhkumdan 5 kiloqram narkotik maddə götürülüb

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir

Yabanı halda bitən narkotik tərkibli bitkiləri yığaraq Bakıya gətirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Keçirilən əməliyyat nəticəsində Səbail rayonu, 20-ci sahə adlanan ərazidə, Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Abduləli Həbibov şübhəli şəxs qismində saxlanılaraq Polis Bölməsinə gətirilib.

Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman əlində olan idman çantasının içərisində külli miqdarda narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 5 kiloqram 050 qram qurudulmuş marixuana olması barədə rəy verilib.

Narkotik maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə tədbirlərlə müəyyən edilib ki, o, narkotik tərkibli bitkiləri Qax rayonu ərazisində yabanı halda bitən ərazidən yığıb. Daha sonra qurudaraq şəxsi istifadəsi üçün Bakı şəhərinə gətirib.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.