"Vərəm sosial xəstəlik olduğu üçün ona laqeyd yanaşmaq olmaz"


Digərləri 02 Fev 2018 23:51:03 452 0

"Vərəm sosial xəstəlik olduğu üçün ona laqeyd yanaşmaq olmaz"

Ekspertlər deyir ki, vərəm xəstələri nəzarətdə saxlanılmalı, ictimai yerlərdə çalışanlar, uşaqlarla təmasda olanlar tez-tez müayinədən keçirilməlidirlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Dünyada ən təhlükəli infeksiyalardan hesab olunan vərəm xəstəliyindən hal-hazırda təqribən 20 milyona yaxın insan əziyyət çəkir. 20-ci əsrin əvvəllərində insan ölümünün əsas səbəblərindən sayılan bu xəstəlik son günlərdə yenidən gündəmə gəlib. Azərbaycanda da xeyli sayda insanın yoluxduğu vərəm xəstəliyi artıq uşaqlar arasında da geniş yayılmaqdadır. Bəs görəsən xəstəlikdən özümüzü necə qoruya bilərik? Ümumiyyətlə, vərəmin geniş arealda yayılma səbəbi nədir?

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev "Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə" adlı dinləmələrdə çıxış edərkən deyib ki, bu gün bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyirlər və onlara nəzarət edilmir. O bildirib ki, sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi olaraq müayinələrdən keçirilirdi, bu işə xüsusi nəzarət edilirdi: "Bu gün bu, unudulub. Bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyir və onlara nəzarət də edilmir. Əvvəllər belə obyektlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. Bunu bərpa etmək və çox ciddi nəzarət etmək lazımdır". 

R.Mehdiyev qeyd edib ki, vərəm xəstəsi olan məhkumlar azadlığa çıxdıqdan sonra onlara nəzarət edilməlidir. Son illərdə bu nəzarəti QHT-lərlə birgə təmin etdiklərini deyən R.Mehdiyevin sözlərinə görə, təcrübə göstərir ki, belə keçmiş məhkumlar yenidən cəzaçəkmə müəssisəsinə qayıtdığı zaman onlarda vərəmin daha kəskinləşmiş forması olur: "Bu isə onu göstərir ki, onlar azadlığa çıxdıqdan sonra vərəmi müalicə etdirmirlər və müəyyən müddətdən sonra daha kəskinləşmiş formada geri qayıdırlar. Buna görə də belə məhkumlara nəzarətin edilməsi çox vacibdir".

Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova son illərdə vərəmə yoluxan uşaqların sayının artdığını və bunun çox narahatedici olduğunu qeyd edib. Onun sözlərinə görə, xəstələrin qeydiyyatdan kənarda qalmasında iki tərəf maraqlıdır: "Bunda həm ailə, həm də həkimlər maraqlı olur. Mən onlara dırnaq içində həkim deyirəm. Çünki onlar öz borclarını yerinə yetirmirlər, öz andlarını pozaraq o xəstələri düzgün müalicə etmirlər. Bu gün vərəm xəstələrinin müalicəsi ÜST-ün yeni protokolları əsasında aparılır. Xəstələrin müalicəsinin kor-koranə aparılması daha ciddi problemlər yaradır".